
Bakı. Trend:
Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə London Kral Kollecində
(King’s College London) Novruz bayramı qeyd olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki,
tədbirdə bu ölkədə təhsil alan azərbaycanlı gənclərlə yanaşı, Çin,
Qazaxıstan, Rusiya, Tayvan, Hindistan və İndoneziyadan olan
tələbələr də iştirak ediblər.
Tədbir Azərbaycan haqqında qısa videoçarxın nümayişi ilə
başlayıb. Sonra iştirakçılara Novruz bayramının tarixi, milli
adət-ənənələrimiz barədə məlumat verilib.
Tələbələr birlikdə yumurta boyadıqdan sonra Novruz ənənələrinə
uyğun olaraq yumurta döyüşüblər. Həmçinin Birlik, həmrəylik və
mübarizlik rəmzi olan “Yallı” oynanılıb.
Sonda qonaqlar üçün Novruz şirniyyatları – şəkərbura, paxlava və
digər təamlar ilə bəzədilmiş bayram süfrəsi açılıb.





























