
Bakı. Trend:
2024-cü il 23 mart tarixində 3614 nömrəli Günəş ləkəsinin
fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu
mürəkkəb plazma atılmasının pik həddi Bakı vaxtı ilə saat 05:33-ə
təsadüf edib. Eyni zamanda 3615 ləkəsindən alışma baş verib.
Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması
ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması
nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə
alınıb.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika
kafedrasından Trend-ə bildirilib ki, geomaqnit qasırğasının
loqarıfmik indeksini göstərən Kp əmsalının maksimal qiyməti 8.333
olub.
Bu qiymət G4 səviyyəli geomaqnit qasırğasına uyğundur. Qeyd
etmək lazımdır ki, martın 24-ü səhər saatlarında yüksək sürətli
axınların (Coronal Hole High Speed Stream – CH HSS) təsiri altında
G1-G2 səviyyəli (Kp=5,6) geomaqnit qasırğası qeydə alınmaqda idi.
İlkin olaraq şəraitin stabilləşəcəyi proqnozlaşdırılsa da,
gözlənilmədən Bakı vaxtı ilə saat 18:37-də qəfil impulsun təsiri
nəticəsində yenidən G2 səviyyəli qasırğa qeydə alınıb, saat
20:28-də isə kosmik hava şəraitində həyəcanlaşma pik həddinə
çataraq G4-ə yüksəlib.
Hazırda Günəş küləyi parametrləri yüksək səviyyədə qalmaqdadır.
Martın 23-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli
axınların təsiri nəticəsində martın 24-ü günün sonunda G3 səviyyəli
(Kp=7) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şərait
müşahidə edilib. Tac kütlə atılmasının təsirinin zəifləməsi davam
etdiyindən martın 25-də və 26-da fasilələrlə G1 səviyyəli
qasırğalar istisna edilmir. Martın 27-də ümumi həyəcanlanmış
şəraitin müşahidə olunacağı (Kp=4), mütəmadi olaraq sakit şəraitlə
əvəzlənəcəyi proqnolaşdırılır.
Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və
texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa,
maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin,
əsasən ürək-qan damar və digər xroniki xəstəlikləri olan və yaşlı
insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta
bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin
yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində
özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında
profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni
azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.
Həyəcanlanmış kosmik hava şəraiti nəticəsində əmələ gələn
geomaqnit qasırğası səbəbindən yuxarı və hətta bəzi orta en
dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində
əsararəngiz təbiət hadisəsinin – “avrora”ların (“qütb
parıltıları”nın) şahidi olurlar.





























