Advertisement

BMU-ya yeni prorektor təyin olundu

Bakı Mühəndislik Universitetinə (BMU) yeni prorektor təyin
olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, Elm və təhsil
naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül Bakı Mühəndislik
Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru
vəzifəsinə təyin edilib.

BMU-nun rektoru Yaqub Priyev yeni prorektoru kollektivə təqdim
edib. Rektor BMU-nun beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin
səmərəli şəkildə təşkili və genişləndirilməsi ilə bağlı vacib
məqamlara toxunub, qoyulan hədəflərin həyata keçirilməsi ilə
əlaqədar yeni prorektorun üzərinə düşən vəzifələri vurğulayıb.

Öz növbəsində Ətrabə Gül ona göstərilən yüksək etimadı
doğruldacağını, universitetin beynəlxalq sahədə inkişafı
istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Ətrabə Gül uzun illər təhsil sahəsində çalışıb.
Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr və magistr
səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə
ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim,
baş müəllim vəzifələrində çalışıb, kafedraya rəhbərlik edib.
İngiltərənin ən nüfuzlu dövlət universitetlərindən olan Essex
Universitetində dəfələrlə araşdırmalar aparıb, elmi əməkdaşlıqlar
edib, intensiv təlimlər keçib. İtaliyanın ən nüfuzlu və tanınmış La
Sapenza universitetində xarici auditoriya qarşısında mühazirə
oxuyub. 50-dən çox elmi məqalə, dərslik, dərs vəsaiti, fənn
proqramlarının müəllifidir. Ondan artıq elmi məqaləsi “Web of
Science”/ “Scopus”, Copernikus kimi beynəlxalq bazalara daxil olan
nüfuzlu jurnallarda dərc olunub. Filologiya üzrə fəlsəfə
doktorudur. Bir çox beynəlxalq konfrans, qurultay və simpoziumlarda
məqalə və tezislərlə çıxış edib.

2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər
Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər
kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.
Universitet Qadınlar Şurasının sədridir.

Elm və təhsilin inkişafındakı səmərəli fəaliyyətinə, gənc nəslin
təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Elm
və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl
təhsil işçisi” döş nişanına layiq görülüb.