Advertisement

UNEC-də elmi fəaliyyətdə ciddi uğurlar əldə olunub – Rektor

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri”nə
start verilib.

UNEC-in rektoru, professor Ədalət Muradov tədbirin açılışında
çıxış edərək, ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən,
Azərbaycanda “Elm günü”nün təsis edildiyini diqqətə çatdırıb.
Rektor UNEC-də elmi fəaliyyətlə bağlı görülmüş işlər barədə ətraflı
məlumat verib. Bildirib ki, “Scopus”da çap olunan məqalələrin
sayına görə 2014-cü illə müqayisədə 2023-cü ildə bu rəqəm 103 dəfə
artaraq, 411-ə çatıb. “Scopus” bazasında istinadların sayı 46 dəfə
artaraq, 693-ə yüksəlib. O, qeyd edib ki, Q1 kvartilli jurnallarda
çap olunan məqalələrin sayına görə UNEC ölkədə liderdir. UNEC
alimləri 76 xarici ölkə alimləri ilə birgə məqalələr yazıblar.

“Web of Science” bazasında 2014-cü illə müqayisədə məqalələrin
sayı 59 dəfə, məqalələrə olan istinadların sayı isə 1673 dəfə
artıb. UNEC SCimago reytinqində Azərbaycan birincisi olub.
“İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə dünyada 691-ci,
Şərqi Avropada isə 33-cü yerə yüksəlib.

Rektor UNEC-də ölkə başçısının tapşırığına uyğun olaraq,
“Gələcək Özümü Gələcək?” mövzusunda ilk ictimai müzakirənin
keçirildiyini də bildirib. Gələcəyin mədəni, elmi, ideoloji
hədəflərinə həsr olunmuş ilk müzakirənin “Gələcək əsr deyil,
əsərdir!” başlığı ilə aparıldığını qeyd edib.

Sonra UNEC-in elm üzrə prorektoru dosent Fariz Əhmədov “UNEC-də
elmin mövcud vəziyyəti: yeni dövr strategiyaları” haqqında çıxış
edərək, universitetdə elmi fəaliyyətlə bağlı statistik məlumatları
nəzərə çatdırıb.

Qeyd edək ki, 27 mart – 04 aprel tarixləri UNEC-də “Elm günləri”
kimi elan olunub. Elm günlərində UNEC-də elmin mövcud vəziyyəti,
yeni dövr iqtisad elminin aktual mövzuları, UNEC tədqiqat
mərkəzlərinin potensialının gücləndirilməsi və sifarişli elmi
tədqiqat işlərinin cəlb edilməsi, elmi jurnalların və konfrans
materiallarının beynəlxalq elmi bazalarda indekslənməsi,
Kitabxana-İnformasiya Mərkəzində tədqiqatçıların rəqəmsal
resurslardan istifadə imkanlarının genişləndirilməsi, UNEC
laboratoriyalarının mövcud vəziyyəti və akkreditasiya imkanları,
dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin
təkmilləşdirilməsi, magistr və doktorluq dissertasiya islərinin
keyfiyyətinin artırılması yolları müzakirə ediləcək. Eyni zamanda
2023-cü il iqtisadiyat üzrə Nobel mükafatçıları haqqında
təqdimatlar olacaq, beynəlxalq qrant layihələrinə müraciət
qaydaları və onların idarə olunması üzrə təlim keçiriləcək.