Advertisement

İtkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq – Əli Nağıyev

Bakı. Trend:

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən,
eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya
olunur.

Trend xəbər verir ki, bunu DTX-nin rəisi, general-polkovnik Əli
Nağıyev rəsmi qəzetə müsahibəsində deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsi nəticəsində itkin
düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890
vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş
ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit
qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində
hazırda intensiv iş aparılır.

“Görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin
eyniləşdirilməsi təmin edilib, onların sırasından 1992-ci ilin
yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik
orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad
Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə
elan olunub.

Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq.
İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə
əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm
tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcək”, –
general-polkovnik Əli Nağıyev vurğulayıb.