
Bakı. Trend:
Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən
28.02.2024-cü il tarixdə Salyan rayon Pambıqkənd kənd Azad İbadov
adına tam orta məktəbdə monitorinq aparılıb.
Trend xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil
İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, məktəbdə müxtəlif istiqamət üzrə yoxlama
aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin
məktəbə davamiyyəti, əmək intizamı, dərslərin əvəzolunması,
dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili və keçirilməsi,
fərdi təhsilin təşkili, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar
üçün evdə təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar
olunub.
“Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Dilbər
Qurbanova 27 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən,
tutduğu vəzifədən azad edilib. Məsələyə hüquqi qiymət verilməsi
üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Əlavə olaraq bildiririk ki, Şirvan-Salyan Regional Təhsil
İdarəsi təhsil müəssisələrində hüquqpozmalara və buna şərait
yaradan hallara qarşı mütəmadi olaraq tədbirlər görür, bunun
qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi
halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil
müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”, – deyə
əlavə edilib.





























