
Bakı. Trend:
Azərbaycana stikerli (yazılı izahlı-red.) məhsulların ixrac
tədarükü üçün keçid müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.
Trend Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət
üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir
ki, əgər məhsulun qablaşdırmasının ölçüsü məlumatların bir neçə
dildə göstərilməsinə imkan vermirsə, həmin məhsulların üst
qablaşdırmasının üzərinə tərcüməsi olan stikerlər yapışdırıla
bilər.
“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi keçid dövrünü
2024-cü il iyulun 1-dək uzadıb. Bu müddət ərzində Rusiyadan olan və
etiketlərində Azərbaycan dilinə tərcüməsi olmayan məhsullar
respublika ərazisinə daxil ola bilər”, – deyə departament qeyd
edir.
Rusiya Süd Məhsulları İstehsalçılarının Milli İttifaqı
(“Soyuzmoloko”) qeyd edib ki, Azərbaycan dilində stikerləri olan
məhsulların Azərbaycana idxalı imkanının saxlanılması məsələsi süd
sənayesinin bir çox iştirakçıları üçün son dərəcə vacib olaraq
qalır, çünki qablaşdırmada Azərbaycan dilində əlavə etiketlərin
yerləşdirilməsi həm texniki baxımdan çətindir, həm də əksər
şirkətlər üçün iqtisadi cəhətdən sərfəli deyil.
Stiker tətbiq etmək imkanı bu problemləri həll etməyə imkan
verir, eyni zamanda, istehlakçının məhsulun təhlükəsizliyi və
keyfiyyəti barədə düzgün məlumatlandırılmasını təmin edir.
“Rosselxoznadzor”dan bildirilib ki, Rusiyanın Moskva,
Sverdlovsk, Ryazan, Kalininqrad, Kursk, Leninqrad vilayətlərində,
habelə Krasnodar və Stavropol diyarlarında yerləşən heyvandarlıq
məhsulları istehsalı üzrə daha 13 müəssisəsi Azərbaycana ixrac
tədarükü hüququnu təsdiqləyib.
Qərar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun
mütəxəssislərinin əyani və video formatda apardıqları yoxlamaların
nəticələrinə əsasən qəbul edilib.
Hazırda Azərbaycan tərəfi əvvəllər öz mallarını respublikaya
tədarük edən Rusiyanın 40-dan çox müəssisəsində videoyoxlamalar
keçirməyi planlaşdırır.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar olaraq, əvvəllər sertifikatlaşdırılmış
müəssisələrdən məhsulların Azərbaycanın səlahiyyətli idarəsinin
mütəxəssisləri tərəfindən ekspertizadan keçirilmədən ixracına 31
dekabr 2023-cü il tarixinədək icazə verilib”. Bu barədə
“Rosselxoznadzor” məlumat yayıb.
Eyni zamanda, yoxlamadan keçmiş, lakin Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutu ilə müqavilə bağlamamış və ya onun
şərtlərinə əməl etməyən müəssisələrin ixrac tədarükü müəyyən
edilmiş tarixdən tez, bütün tələblər yerinə yetirilənə qədər
məhdudlaşdırıla bilər.
Bundan əlavə, departamentin məlumatında qeyd olunur ki,
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ödəniş
ixracatçının özü və ya şirkətin Azərbaycana idxalçısı tərəfindən
həyata keçirilə bilər.





























