
Bakı. Trend:
Baş Prokurorluq Bələdiyyə torpaqları üzərində hərrac və ya
müsabiqənin keçirilməsi qaydaları suallara aydınlıq gətirib.
Trend xəbər verir ki, qyadalara əsasən, bələdiyyə hərraca və ya
müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ
qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin
keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini
hərracı (müsabiqəni) təşkil etmək üçün Əmlak Məsələləri Dövlət
Xidmətinin Hərracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsinə
göndərir.
Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində
aşkarlıq təmin olunmalıdır.
Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları barədə
məlumatları haradan almaq olar?
Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları haqda
məlumatları Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı
olan “Mülkiyyət” qəzetindən və Komitənin www.emdk.gov.az və
Hərracların Təşkili üzrə Auksion Mərkəzinin www.auksion.gov.az
rəsmi internet saytından əldə etmək olar.
Bələdiyyə mülkiyyətində olan torpaqların satışı Azərbaycan
Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972
nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi
ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi
Qaydaları”na əsasən müsabiqə və hərrac yolu ilə satılır və ya
icarəyə verilir.
Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə
torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər
təkliflər irəli sürüldükdə kimlərə üstünlük verilir?
Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə
torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər
təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:
a) Bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;
b) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan
döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və
həlak olanların ailəsinə;
c) Yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə
görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20
təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
d) Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün
həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən
gənclərə;
e) Müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi
köçkünlərə;
f) Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda
ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan
Azərbaycan Respublikasının vətəndaşlarına.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan
döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və
həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi
qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün, həyətyanı sahə və
bağ sahəsi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə
pulsuz verilir.
Hansı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir?
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr
tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi
ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi
Qaydaları”nın 10-cu bəndinə əsasən aşağıdakı hallarda ərizəçidən
ərizə və sənədlər qəbul edilmir:
1. ərizələr bildirişdə göstərilən müddət keçdikdən sonra
verildikdə ;
2. ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxs
verdikdə.
Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə
verilməsi ilə bağlı keçirilən hərrac və müsabiqədə qalib olan
şəxslə neçə gün müddətində müqavilə bağlanır?
Bələdiyyə mülkiyyətinə olan torpaqlar müsabiqə və ya hərrac
vasitəsilə mülkiyyətə və icarəyə verildikdə müsabiqə və hərracın
qalibinə müvafiq şəhadətnamə verilir və bu şəhadətnamə əsasında
hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə
bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq
qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.
Bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin
qiyməti nəyə əsasən müəyyənləşdirilir?
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinin
4-cü hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların
icarə haqqının ilkin qiyməti onların təyinatından, sahəsindən,
coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında
müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normatv qiyməti,
torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.
Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və
ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada
xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun
yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə
icarəyə verilir.
Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və
icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında
bağlanmış müqavilə əsasında həyata keçirilir rəsmiləşdirilir.





























