
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Nazirlər
Kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik
avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat
vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına
dair tələblər”i şərh edib.
Nazirlikdən Trend-ə verilən
açıqlamada deyilir ki, tələblərə əsasən, buraxılış tarixindən 15
ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3
ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri
alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi
minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:
– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat
lövhəsi;
– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə
birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram
təminatı olan mobil cihaz;
– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.
Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal
işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə
funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri
ilə təchiz edilməlidir.
Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat
vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər də
var idi.
Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə
edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya
bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların
olmasıdır.
Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil
nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi
aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri
müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda taksi
fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən
şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı
almalarını xahiş edir.
1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən
artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı
verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik
avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.
Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.
Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb
yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə
olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat
vasitələrinə şamil edilir.





























