
Bakı. Trend:
Ermənilər zaman-zaman havadarlarının dəstəyinə arxalanaraq
azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti
həyata keçiriblər. Amma erməni diasporu və lobbisinin
fitnə-fəsadları sayəsində beynəlxalq aləmdə özləri barədə “yazıq,
məzlum, əzilən və döyülən” millət imici formalaşdırmış,
azərbaycanlıları isə “vəhşi millət” kimi təqdim etmişdilər. Təbii
ki, saxta tarix yazıb yalanlarını dünyaya həqiqət kimi sırımağa
çalışmaq, özlərinin vəhşiliklərini bu epitetlərlə ört-basdır etmək
sonsuzluğa qədər davam edə bilməzdi. Çünki tarix heç nəyi silmir,
faktlara əsaslanır. Elə götürək 1918-ci ilin mart qırğınını. Bu
dəhşətli soyqırım aktının törədilməsindən 106 il keçsə də yeni
araşdırmalar bu qətliam barədə daha dolğun məlumatlar ortaya qoyur.
1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı
quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc
sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar
işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar
yetirilmişdir. Bunlarla kifayətlənməyən daşnak-bolşevik qüvvələri
yaşayış məntəqələrini, mədəniyyət abidələrini, məscid və
qəbiristanlıqları yerlə-yeksan etmişlər. Sonrakı dövrlərdə daha da
azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam
etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər
bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata
keçirmişlər.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini
qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər
Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır.
Fərmana əsasən, martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan
edilmişdir. Bu sənədin imzalanması məsələ ilə bağlı aparılan
tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində
səylərin artırılmasına təkan verdi. Onu da qeyd edək ki, Şamaxıda
baş vermiş hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük
hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv
olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər
əks etdirilməyib. Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər
tərəfindən 7 min nəfərin öldürüldüyü bildirilir. Bu faciənin
tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə
İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120
kənddən 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Quba
qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək,
Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd
olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə
dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Bütün bunlar
tarixi faktlardır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə erməni-bolşevik silahlı dəstələrinin
azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə
həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması
məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə “1918-ci il
azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam
imzalamışdır. Həmçinin 2018-ci il dövlət başçısı İlham Əliyevin
Sərəncamı ilə “Azərbaycan Xaq Cümhuriyyəti ili” elan
edilmişdir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ermənilər
tarixi saxtalaşdırıb özlərinə qondarma tarix yazmaqla dünyanı
yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük
İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Azərbaycanın 44 günlük
İkinci Qarabağ müharibəsində tarixi Zəfərində informasiya
mübarizəsində qələbəsi əhəmiyyətli rol oynadı. Hər zaman ədalətin
və beynəlxalq hüququn yanında olan Azərbaycan dünya güclərindən
ikili standartlara əsaslanan siyasətlərinə son qoyub, baş verən
hadisələrə obyektiv qiymət verməyə çağırış etdi. Lakin bəzi dünya
güclərinin Ermənistana zaman-zaman dəstəkləri, ədalətə və
beynəlxalq hüquqa öz maraqları baxımından yanaşmaları Ermənistanın
daha böyük iddialarla yaşamasına gətirib çıxardı. Əgər zamanında
Ermənistana beynəlxalq hüquqa sığmayan bu vəhşiliklərinə görə
təzyiqlər göstərilsəydi 1988-ci ildə ermənilərin torpaq iddiaları
yenidən baş qaldırmazdı.
Vüqar Rəhimzadə qeyd edib ki, Qaradağlı, Xocalı, Ağdaban,
Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni
vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya
göstərdi. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamı
Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq
tarixinə düşmüş qanlı olaylarla bir sırada durur. Günahsız insanlar
yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə
amansızcasına öldürüldülər, işgəncələrə məruz qaldılar. Bu gün
böyük qürur hissi ilə işğaldan azad edilmiş torpaqlarımızda, o
cümlədən Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının
ucaldılmasından, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana
çevrilməsindən bəhs edirik. Dövlət başçısı İlham Əliyev bu ilin 26
fevral tarixində Xocalı şəhərində Xocalı soyqırımı memorial
kompleksinin təməlini qoyduqdan sonra rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşündə bildirdi ki, bu diyarın, bu bölgənin
artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr – Xocalının,
Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir
gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma 20
sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.
Prezident İlham Əliyev həmin görüşündə bu məqamı da xüsusi qeyd
etdi ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. 18 ölkə
səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanısa
da bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur.
Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə
qalmışdır.
Məhz belə yanaşmalar Qarabağ münaqişəsinin həlli prosesinin 30
il uzanmasına səbəb oldu. Azərbaycan dünya güclərindən ədalət
gözləsə də sonda bu ədaləti özü bərpa etməli oldu. 27 il kağız
üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına
icra edən Azərbaycan bütün dünyaya sübut etdi ki, ədalət və
beynəlxalq hüquq mövcuddur, sadəcə, onların tətbiqi üçün vahid
mexanizm müəyyənləşdirilməlidir.
YAP Xətai rayon təşkilatının sədri informasiya mübarizəsinin
bütün dövrlər üçün aktuallığını bir daha önə çəkərək bildirib ki,
dövlətimiz həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün
müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə
etməyə çalışır. Məqsəd çoxəsrlik tariximizin hər bir səhifəsinin
təhlili və əsaslı şəkildə indiki və gələcək nəsillərə
çatdırılmasıdır. Çünki tarixi bilmədən gələcəyə doğru inamlı
addımlar atmaq mümkünsüzdür. Ümummilli Lider Heydər Əliyev vaxtilə
belə bir çağırışı etmişdi: “Azərbaycanı təkcə müstəqil, zəngin
təbii sərvətlərə malik dövlət kimi yox, zəngin tarixi, mədəniyyəti
olan ölkə kimi tanıtmalıyıq.” Bəli, tariximiz bizim böyük
sərvətimizdir. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış
günümüzün əsas çağırışına çevrilib. Artıq Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev iki il
öncə əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə
bildirdi ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz yaxşı
bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya
ictimaiyyəti də bunu bilsin. Çünki tarix var, sənədlər var,
xəritələr var.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, XX əsrdə
xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, əyilmədi,
inamını itirmədi, güc topladı və nəticədə məqsədinə nail oldu. Bu
gün qalib xalqımızın bir təsəllisi vardır ki, torpaqlarımız
işğaldan azad edilib, şəhidlərimizin, soyqırımı qurbanlarının
qisası alınıb. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında
həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə,
nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı
nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona dünya
miqyasında hüquqi-siyasi qiymət verilməsinə nail olmaq nə qədər
çətin olsa da, bu müqəddəs işi bu gün də, gələcəkdə də davam
etdirməliyik.





























