Advertisement

Azərbaycanda kommunal xidmətlərdən istifadə asanlaşdırılır

Bakı. Trend:

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya
əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma
müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma
müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.

Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Su təchizatı və tullantı
suları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini
tapıb.

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə
sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş
həyata keçirəcək.

Qoşulma xidmətinə görə ödəniş məişət abonentlərinin və sutka
ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100
kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək
tikinti obyektləri üçün layihələndirməyə, tikinti quraşdırma
işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya
müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan
mal-materiallara çəkilmiş xərclər daxil olmaqla), sutka ərzində
tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və
ya inşa ediləcək tikinti obyektləri üçün isə sifarişçinin seçimi
ilə su təsərrüfatı və kanalizasiya müəssisələri tərəfindən texniki
şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri
və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su
təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki
qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi məbləğdir.

Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış
həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud
şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su
təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma
xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə
sənədlərinin hazırlanması və tikinti quraşdırma işləri su təchizatı
müəssisələri tərəfindən həyata keçiriləcək.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı
olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı
sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətlərinə
görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin
layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı
sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri
sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri
tərəfindən sifarişçinin hesabına həyata keçiriləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.