
Bakı. Trend:
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında
sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın
işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR
Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin
aktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərinin
öyrənilməsi məqsədilə sorğular keçirib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, respondentlərə
“Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə
azad ediləcəyinə inanırsınızmı?” sualı ünvanlanıb.
Sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı
altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi
yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti – 95.8%-i
Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad
ediləcəyinə inandığını, 3.6%-i inanmadığını bildirib. 0.6%-i bu
barədə fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı,
Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara,
Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi
Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal
altında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.
Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşından
yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə
üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı
üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib
və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində
əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi
rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri
müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli
üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun
könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız
ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri
məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına
əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil
edir.





























