Advertisement

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Bakı. Trend:

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük
Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat
tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri
davam etdirir. Tədbirlər zamanı nazirliyin qurumları tərəfindən
qeyd edilən ərazilərdə yaşayan əhalinin müxtəlif istiqamətlərdə
tibbi müayinələri aparılır, həkim məsləhətləri verilir və
sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar
keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirliyin
təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir bu gün Laçın
şəhərində baş tutub.

Aksiya zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat
Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən
pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların
kompleks tibbi müayinələrini aparıblar. Müayinələr zamanı
səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün
yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və
müvafiq müalicələr təyin edilib.

Tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi
müayinədən keçib. Müayinələrdən sonra valideynlər üçün
maarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimləri
mövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçinin
uşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxış
ediblər. Qripin simptomları, profilaktikası, hansı xəstəliklərin
qripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virus
xəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyin
səbəbləri barədə ətraflı məlumat verilib.

Bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikası
məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Azərbaycan
Respublikasının Milli peyvənd təqviminə uyğun olaraq, körpələrin
vaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb. Bundan
əlavə, valideynlərə övladlarının hərtərəfli inkişafı üçün erkən
yaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağı
və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib. Sonda
valideynləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan
digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və
maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.