Advertisement

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bakı. Trend:

Mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə
dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. “Bakı Prosesi”nin
tərkib hissəsi olan bu Forum İslam Dünyası Təhsil, Elm və
Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar
Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə
birgə təşkil olunacaq.

Trend ISESCO-nun saytına
istinadən xəbər verir ki, Forumda yüksək səviyyəli rəsmilər,
beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların
nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış
ziyalıların iştirakı gözlənilir.

Forum nifrətlə üzləşmək, birgəyaşayış və sülh dəyərlərini
aşılamaq məqsədilə öz plenar sessiyalarında və panel
müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı
bir sıra aktual qlobal çağırışları müzakirə edəcək.

Forum çərçivəsində mədəniyyətlərin müxtəlifliyini vurğulamaq,
əməkdaşlıq və anlaşma ruhunu təşviq etmək üçün konsertlər,
festivallar və yaradıcı tamaşalar da daxil olmaqla bir sıra mədəni
tədbirlərin keçirilməsi gözlənilir.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi
mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm
beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu
möhkəmləndirməkdir.