Advertisement

10 uşaq himayədar ailələrə verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən
uşaqların sayı 10-a çatıb.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq
Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın
himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Himayədar ailələrə verilən uşaqlardan 2-i oğlan, 8-i qızdır.
Həmçinin 5 nəfəri 6 yaşadək olan, 4 nəfəri 7-13 yaş arası, 1 nəfəri
14-18 yaş arası uşaqlardır.

Həmin 10 uşaqdan hazırda 2-si Bakı şəhərindəki, 8-ı digər şəhər
və rayonlardakı (Lənkəran-2, Gəncə-1, Cəlilabad-1, Ağcabədi-1 ,
Biləsuvar-1, Zaqatala-1, Göyçay-1) ailələrdə yaşayırlar.

“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn
himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə
qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi
və inkişafını nəzərdə tutur.

Himayədar ailələrə sosial dəstək olaraq himayəyə
götürdükləri:

0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş
uşaq olduqda 395 manat);

7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş
uşaq olduqda 415 manat);

14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş
uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə
tutulub.

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün
həmin ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik
müavinətlə də təmin edilirlər.