
Bakı. Trend:
“İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində, keçmiş xalça
fabrikinin yaxınlığında bu ilin fevral ayında həyata keçirilən
bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı
aşkar olunmuş kütləvi insan qalıqları erməni vəhşiliklərinin sübutu
kimi dünyaya təqdim olundu. Bu, Azərbaycan ərazilərini 30 ilə yaxın
müddət ərzində işğal altında saxlayan erməni təcavüzkar rejiminin
həmin dövrdə xalqımıza qarşı törətdiyi qanlı cinayətlərin yalnız
bir epizodunun təsdiqidir. Lakin bu vəhşiliklərin, azərbaycan
xalqına qarşı ermənilərin həyata keçirdikləri kütləvi qırğınların
tarixi heç də yalnız işğal dövrü ilə məhdudlaşmır”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki, təxminən iki yüz il bundan əvvəl Rusiya
imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi
Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr
ərzində bütün yerli sakinlərə və ilk növbədə azərbaycanlılara qarşı
olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar
həyata keçirmişlər.
“1918-ci ilin 30 mart – 3 aprel tarixlərində ermənilər
tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələri
də Azərbaycan tarixinin acı həqiqətlərindən biridir.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və
torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı prosesinə
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizə “31 Mart
soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və
həqiqətlərin dünyaya yayılması işinə başlanılmışdır. 1998-ci il
martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda
xalqımıza qarşı 1918-ci ildə törədilmiş dəhşətli soyqırımı
hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart
“Azərbaycanlıların Soyqırımı Günü” elan olundu.”
K.Qafarov qeyd edib ki, bu gün artıq bütün dünya ictimaiyyəti
erməni millətçilərinin cəfəng “Böyük Ermənistan” ideyasını
gerçəkləşdirmək məqsədilə tarixin müxtəlif mərhələlərində
azərbaycanlılara və Azərbaycan ərazilərində yaşayan digər xalqların
nümayəndələrinə qarşı törətdikləri etnik təmizləmə, deportasiya və
soyqırımı faktları barədə kifayət qədər məlumatlıdır: “Tarixi dəlil
və faktlar inkarolunmaz şəkildə göstərir ki, 1917-ci il oktyabr
çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı
altında reallaşdırmağa başladılar. 1918-ci ilin mart ayında
“Əksinqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanmış Bakı
Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini
azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata
keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart – 3 aprel
tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan
Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin
məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış
məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və
qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da
azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam
etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər
bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata
keçiriblər. 1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycan
xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər
millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığına
və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi
dəyərləndirilməlidir.”
K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi
Qələbə ilə bütün Cənubi Qafqaz xalqlarını erməni faşizminin
təhdidindən qurtardığını vurğulayaraq deyib:”Azərbaycan xalqı Ölkə
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin
sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən
Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son
qoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gün
davam edən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi
bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi
Qələbəsi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə Şanlı Ordumuz həm də uzun illər boyunca bütün Cənubi
Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı.
Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin
ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz
şəhidlərimizin, erməni işğalının bütün qurbanlarının qisasını
düşməndən döyüş meydanında aldıq”.





























