
Bakı. Trend:
Paytaxtın əsasən Nərimanov rayonu ərazisində insanları fasiləsiz
internetlə təmin edən bir neçə provayder şirkətinin binalarda
quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji
daşıyıcılarının oğurlanması barədə polisə çoxsaylı məlumatlar daxil
olub.
Trend DİN-ə istinadən xəbər
verir ki, həmin şəxslərin saxlanılması istiqamətində Nərimanov
Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt
sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar.
Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər
ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını
oğurladıqları məlum olub. Araşdırmalarla bu şəxslərin Bakı şəhəri
ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji
daşıyıcısını oğurladıqları müəyyən edilib. Oğurluq əşyalar Tural
Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu
məntəqələrinə aparılaraq satılıb. Onların törətdiyi oğurluq
əməlləri ərazidə quradırılmış videomüşahidə kameraları vasitəsilə
də qeydə alınıb.
Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji
cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi
istiqamətində 16-cı PŞ-də araşdırmalar davam etdirilir.





























