Advertisement

Əhməd Rəcəbli küçəsi təmir olunur

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı
şəhəri, Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli küçəsinin təmiri
aparılır.


Trend
xəbər verir ki, AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir işləri sözügedən küçənin Albert Aqarunov
küçəsindən Ziya Bünyadov prospektinə qədər olan 910 metrlik
hissəsində icra olunur.

Ortalama eni 31 metr təşkil edən küçədə təmir çərçivəsində
hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz
hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası işləri
davam edir, yararsız səki daşlarının yenilənməsi və piyada
panduslarının quraşdırılması işləri aparılır.

Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda
avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün
üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri
yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya
xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması
işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların
istifadəsinə veriləcək.

İşlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.