Advertisement

Qobuda itlərin dişlədiyi uşaq xəstəxanadan evə buraxıldı

Bakı. Trend:

Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə
hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın
müalicədən sonra bu gün evə buraxılıb.

Trend xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, bədənində çoxsaylı yaralarla xəstəxanaya
çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə
olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub.

KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin
həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət
dinamika müşahidə edilib.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev qeyd edib
ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən azyaşlının
həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator
müalicə üçün evə buraxılıb.