
Bakı. Trend:
Artıq məhkəmələr tərəfindən dövlət hesabına vəkillərin ayrılması
ilə bağlı təyinat qərarları onlayn qaydada insan faktoru olmadan
müvafiq vəkil büroları arasında bölüşdürülür.
Trend xəbər verir ki, bunu Vəkillər Kollegiyasınən rəyasət
heyətinin sədri Anar Bağırov bu gün keçirilən “Rəqəmsal cinayət
prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda
deyib.
“Hesab edirik ki, məhkəməyəqədər istintaq mərhələsində də ərazi
üzrə vəkil qurumunda fəaliyyət göstərən vəkillərin siyahısının
şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi, onun həmin
siyahıdan vəkil seçməsi, vəkilin dəvət olunması və s. məsələlər
vahid elektron məkan üzərindən həll edilməlidir.
Görülən işlər içərisində ən mühümlərindən biri isə elektron
vəkil orderinin istifadəyə verilməsi olub. Belə ki, artıq
vətəndaşlar vəkil bürolarına getmədən, onlayn qaydada, dünyanın
istənilən nöqtəsindən vəkillə hüquqi yardımın göstərilməsi
barəsində müqavilə bağlaya bilir.
Elektron vəkil orderi artıq 2023-cü ildən 5 Vəkil Bürosunda
pilot layihə kimi tətbiq edilib.Rəyasət Heyətinin 3 mart 2024-cü il
tarixli qərarı ilə “Elektron vəkil orderi”nin cari ilin aprel
ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq,
növbəti ildən isə məcburi qaydada istifadə edilməsi nəzərdə
tutulub”.





























