
Bakı. Trend:
7 mindən çox vətəndaş hakerlərin qurbanı olub.
Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov
bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və
hədəflər” mövzusunda konfransda deyib.
“Eyni zamanda, Xidmətimiz tərəfindən dövlət qurumlarının
internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da zəruri tədbirləri
həyata keçirir. Hazırda 30 000 dövlət qulluqçusunun istifadə etdiyi
mərkəzləşmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları
əməkdaşlarını hədəfləyən kiberhücumların qarşısı mərkəzi qaydada,
olduqca effektiv şəkildə alınır.
Belə ki, bu sistem vasitəsi ilə cari ilin ötən dövrü ərzində 16
milyon 993 min elektron poçt emal edilib ki, onlardan 15 milyon 577
min istifadəçilərə çatdırılıb, 1 milyon 416 min elektron poçtun
zərərli tərkibli olması müəyyənləşdirilərək blok edilib. Hazırda bu
sistemin təkmilləşdirilməsi və istifadəçi sayının 60 000-ə
çatdırılması üzrə işlər yekunlaşmaq üzrədir”.
Onun sözlərinə görə, internetdən istifadə edərkən informasiya
təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən
vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər:
“Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki
məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının
elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi
məlumatları hakerlərin qurbanına çevirmiş vətəndaşların
statistikası mütəmadi olaraq Xidmətimiz tərəfindən aparılır. Ötən
dövr ərzində onların sayı 7000-dən çox olub”.





























