
Bakı. Trend:
Xüsusi internat məktəblərində uşaqların sayı ildən-ilə azalır.
Ancaq xüsusi təhsil müəssisələrinin bağlanması planda yoxdur.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar
Xələfov bildirib.
O qeyd edib ki, xüsusi məktəbləri, xüsusi sinifləri zəruri edən
hallar mütləq olacaq.
“Elə uşaqlar var ki, onun ehtiyacı xüsusi məktəbdə təhsili
zəruri edəcək, ya da uşağın hansısa dövrdə, müəyyən müddətdə xüsusi
sinifə cəlb edilməsi vacib olacaq. Misal üçün, ağır davranış
pozuntusu olan uşaqlar – özlərinin yaxud başqaların sağlamlığına
təhlükə yaratdıqda, internat tipli təhsil müəssisələrində bir
müddət təhsil almaları tələb oluna bilər. Bəlkə, uşağın təhsilinin
ilkin mərhələsində ixtisaslaşmış müəssisədə təhsil almasına ehtiyac
yaranacaq.
Misal üçün, görmə qabiliyyətini qismən, yaxud tam itirmiş
uşaqlara brayl əlifbasının və mühitdə istiqamətlənmənin öyrədilməsi
üçün, yaxud eşitmə qabiliyyətini tam itirmiş uşaqlara işarət
dilinin öyrədilməsi üçün. Ya da xüsusi məktəblər resurs mərkəzi
kimi fəaliyyət göstərəcək, buradakı mütəxəssislər ümumi təhsil
müəssisələrindəki müəllimlərin təlimləndirilməsində iştirak edə
bilərlər.
Odur ki, xüsusi məktəblərin bundan sonrakı mərhələdə bağlanması
müzakirə mövzusu olmasa da, genişləndirilməsi, sayının artması da
planda yoxdur”, – deyə o əlavə edib.





























