
Bakı. Trend:
Aprelin 2-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının qərargahında partiyanın üzvü olan bir qrup fəal gənclə
görüş keçirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir dövrün
çağırışlarından, dövlətin gənclər siyasətindən geniş bəhs edib.
Bildirib ki, Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin böyük
əksəriyyətini gənclər təşkil edir. Onların potensial imkanlarından
səmərəli istifadə etmək üçün biri-birindən əhəmiyyətli addımlar
atılır, Dövlət proqramları qəbul edilərək uğurla icra edilir.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin
avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasında birləşən 800
minə yaxın üzvün böyük hissəsini gənclərin təşkil etməsi də
təşkilatda onlara siyasi fəallıqlarını artırmaq, gənc siyasətçi
kimi yetişmək, potensial imkanlarından ölkəmizin bu günü və
gələcəyi naminə istifadə etmək üçün mühüm şəraitin yaradılmasından
irəli gəlir.
Dövlətimiz gələcəyimiz olan gənclərin hərtərəfli, milli,
vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün bütün zəruri olan
addımları atır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər
iki dövrünə nəzər salsaq gənclərin inkişafına xüsusi diqqətin
göstərildiyini görərik.
Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil
gələcəyini düşünərək atdığı mühüm addımlardan biri məhz Azərbaycan
gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil
almağa göndərilməsi olmuşdur. 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev gənclərə
diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi.
Onların dövlət idarəçiliyində irəli çəkilmələri əsas hədəflər
sırasında oldu.
Vüqar Rəhimzadə son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyevin gənclərin potensial imkanlarından Azərbaycanın inkişafı,
tərəqqisi üçün istifadə olunması məqsədilə həyata keçirilən
tədbirlərdən, imzalanan Dövlət proqramlarından bəhs edib. Bu mühüm
məqam xüsusi qeyd olunub ki, son üç ildən artıq dövrdə Azərbaycanı
dünyaya qalib ölkə kimi təqdim edən tarixi Zəfərimizin
qazanılmasında gənclərin torpaq, Vətən sevgisi, azərbaycançılıq
ideologiyasının inkişafına verdikləri töhfələr əhəmiyyətli rol
oynadı.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi
Zəfərimizin davamı olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin
tam bərpa edilməsindən sonra ölkəmizin həyatında yeni dövr
başlayıb. Prezident İlham Əliyev tarixi Zəfərimizin reallıqları
fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında bu
çağırışı etmişdir ki, hər dövrün öz tələbləri var.
Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik.
Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki
dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli,
bu, bizim üçün fundament, baza, imkan yaratdı ki, əsas məqsədimizə
çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq,
gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında
düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan gəncliyinin milli ruhda
tərbiyə olunması, vətəndaşlıq təəssübkeşliyi bütün dövrlər üçün
aktualdır. Dövlət maraqlarımızı yüksək səviyyədə qorumaq, ölkəmizə
qarşı qərəzli kampaniya aparan anti-Azərbaycan qüvvələrə qarşı sərt
mövqe ortaya qoymaq, internetin imkanlarından bəhrələnərək
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına,
dövlətimizin uğurlu siyasətinin təbliğinə öz töhfələrini vermək
üçün gənclərimiz səylərini daha da artırmalıdır. Gənclər müasir
dövrün yaratdığı imkanlardan maksimum bəhrələnməlidirlər.
Diskussiya şəklində davam etdirilən görüşdə gəncləri
maraqlandıran suallar cavablandırılıb.





























