Advertisement

BSU-da “İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar” mövzusunda məlumat sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 2-də Bakı Slavyan Universitetində (BSU-da) “İnklüziv
təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans
və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində “İnklüziv
cəmiyyət üçün imkanlar və yeni texnologiyalar” mövzusunda məlumat
sessiyası keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr
üzrə prorektoru Şahin Pənahov, BDU-nun Fizika fakültəsinin dekanı
Bəxtiyar Paşayev, eləcə də həmin fakültənin bir neçə müəllimi, ADPU
və ADU-nun müəllimləri, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai
Birliyinin sədr müavini Reyhan Cəfərova, “Kapital Bank”ın
nümayəndəsi Nihad Salmanlı, BSU Məktəb-Lisey kompleksinin direktoru
və şagirdləri, BSU-nun elmi-pedaqoji heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu
günün Azərbaycan tarixində xüsusi əhəmiyyətli tarix olduğunu
xatırladaraq Aprel döyüşlərinin şanlı zəfərimizin başlanğıcı
olduğunu bildirib. Rektor ali təhsil müəssisələrinin Prezident
İlham Əliyevin imzaladığı 2018–2024-cü illərdə Azərbaycan
Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv
təhsilin inkişafı üzrə Dövlət Proqramının tələblərindən irəli
gələrək fəaliyyət göstərmələrinin vacibliyindən danışıb. BSU-nun
bir ali təhsil müəssisəsi kimi autizm və inklüziv təhsilə
baxışından söz açan Anar Nağıyev universitetdə ənənəvi olaraq
Beynəlxalq Autizm Aylığı və “İnklüziv təhsildən inklüziv cəmiyyətə”
II Beynəlxalq elmi-praktik konfrans çərçivəsində silsilə
tədbirlərin keçirilməsinə başlanıldığını vurğulayıb. Rektor bu
günkü tədbirin keçirilməsində məqsədin inklüziv cəmiyyətdə yeni
imkanlardan bəhs etmək olduğunu qeyd edərək fərq yaratmağı bacaran
istedadlı tələbə və şagirdlərə öz minnətdarlığını bildirib.

BSU-nun Filologiya fakültəsinin 2022-ci il məzunu, Xəzər TV-nin
suflyor operatoru, fiziki məhdudiyyətli şəxs Kəmalə Babayeva fiziki
məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası haqqında təqdimatla
çıxış edib. “Bakı Slavyan Universitetinə qəbulum mənim uğurlarımın
başlanğıcı oldu.”- deyə qeyd edən Kəmalə öz şəxsi təcrübələri
əsasında inklüziv cəmiyyət ilə bağlı fikirlərini bölüşüb.

Quba şəhəri M.Niftəliyev adına Texniki Təmayüllü Liseyin X sinif
şagirdi Zamiq Şükürovun görmə əngəlli insanlar üçün hazırlanmış
ixtirasının təqdimatı olub. Məktəbli “The Right Way”adlı
ixtirasının hazırlanma mərhələsi, onun iş prinsipi, üstünlükləri
barəsində danışıb.

Bakı Dövlət Universitetinin II tədris ili tələbələri Aydan
Zeynalova və Yaxşıxanım Hüseynova Səxavət Məmmədov adına tam orta
məktəbin X sinif şagirdi Hüseyn Hüseynovla birgə fiziki
məhdudiyyətli şəxslər və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün
hazırladıqları “Yardım maşını” layihələrini təqdim edərək tədbir
iştirakçılarına layihələri haqqında ətraflı məlumat veriblər.

Sonra BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov,
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədr müavini
Reyhan Cəfərova, “Kapital Bank”ın nümayəndəsi Nihad Salmanlı mövzu
ətrafında çıxışlar ediblər. Çıxışlarda innovasiyanın təhsilin əsas
göstəricisi olduğu bildirilib, təqdimatlarla çıxış edən gənclərə
təşəkkür edilib. Eyni zamanda, onların təşəbbüslərinin daim
dəstəklənəcəyi qeyd edilib.

Sonda tədbirdə çıxış edən gənclərə Beynəlxalq Autizm Aylığı
çərçivəsində inklüziv cəmiyyətin qurulmasında innovativ ideyaların
təşkili və səmərəli fəaliyyətlərinə görə sertifikatlar təqdim
olunub.