Advertisement

Məktəblərdə imtahan çoxluğu və çətinliyi – İmtahanlar sadələşdirilə bilər?

Bakı. Trend:

Hazırda Azərbaycanın istər bakalavr, istərsə də magistraturaya
qəbul üçün keçirilən qəbul imtahanları dünyada ən çətin imtahan
hesab oluna bilər.

Bu barədə Trend-in suallarını cavablayarkən təhsil eksperti
Kamran Əsədov deyib.

O qeyd edib ki, yalnız imtahanın çətinliyi yox, imtahan
cavablarının elan müddəti ən uzun müddət hesab oluna bilər.

“İmtahan cavabları ən azı 1 aydan sonra elan olunur və bu
iştirakçılarda ciddi şəkildə stress yaradır. Həmçinin 16-17 yaşında
uşaqlar üç saat ərzində üç müxtəlif fənndən ağır və çətin test
tapşırıqlarına cavab verir. Bu da şagirdlər üçün əlavə psixoloji
gərginlik yaradır. Hesab edirəm ki, universitetlərə qəbul üçün
keçirilən imtahanlar sadələşdirilməlidir. Bu həm şagirdlərin əlavə
stress yaşamasının qarşsını alır, həm də valideynlərin xərci
azalır. Ona görə də imtahanlar azaldılmalı və
sadələşdirilməlidir.

İkincisi məktəblərdə summativ qiymətləndirmələr kifayət qədər
çoxdur. Bu da onların əlavə imtahan stressi yaşamasına gətirib
çıxarır. Şagirdlər bütün təhsil həyatları boyunca müxtəlif növ
qiymətləndirmə imtahanlarına cəlb edilirlər ki, bu kifayət qədər
çətin və qəlizdir. Bu gün şagirdlər ancaq imtahanlara hazırlaşır.
Azərbaycanda məktəbli ciddi şəkildə informasiya yükünün altındadır.
Düzdür, şagirdin oxumağı problem deyil. Amma hədsiz dərəcədə çox
dərslərlə məşğul olması yaxşı nəticə əldə etməyə imkan vermir”, –
deyə o, vurğulayıb.

Ekspert həmçinin bildirib ki, dərsliklər də
sadələşdirilməlidir.

“Bugün dərsliklərin informasiya yükü hədsiz dərəcədə çoxdur.
Dərsliklər şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun
deyil. Ona görə də dərsliklər sadələşdirilməlidir”, – deyə o, əlavə
edib.