Advertisement

Abşeron rayonunda iftar süfrəsi açılıb

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin
bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz
xatirəsinə iftar süfrəsi açılıb. Tədbirdə Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din
xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon
ictimaiyyəti iştirak edib.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək tədbir iştirakçılarını
qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib. Ramazan
ayında “Qurani-Şərif”in nazil olduğunu, bu ayda insanların birliyə,
vəhdətə, humanizmə, yardıma, bölüşməyə dəvət edildiyini vurğulayan
RİH başçısı qeyd edib ki, xalqımız özünün islami dəyərlərini,
adət-ənənələrini və bayramlarını yaşadaraq tarixin sınaqlarından
çıxarmış, ildən-ilə, nəsildən-nəsilə ötürərək qoruyub
saxlamışdır.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hər il Azərbaycan xalqını
Ramazan bayramı münasibətilə təbrik edərək ölkəmizdə sülhün və
əmin-amanlığın tam bərqərar olacağına, işğal edilmiş
torpaqlarımızın azad ediləcəyinə, qaçqın və köçkün düşmüş
soydaşlarımızın öz ev-eşiklərinə qayıdacaqlarına inamını ifadə
etmiş, xalqımızın bu amallarının gerçəkləşməsi naminə hamımızı daha
böyük əzmkarlıq, qətiyyət və həmrəylik nümayiş etdirməyə
çağırmışdı. RİH başçısı vurğulayıb ki, Azərbaycanı uğurlara aparan
və əsası məhz Ulu Öndər tərəfindən qoyulan siyasətin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan öz ərazi
bütövlüyünü tam bərpa etmiş, islam dünyasının önəmli bir parçasına
çevrilmişdir.

Abdin Fərzəliyev tədbirin aprel döyüşlərinin 8-ci ildönümünə
təsadüf etdiyini qeyd edərək vurğulayıb ki, 2016-cı il aprelin
1-dən 2-nə keçən gecədən etibarən başlayan hərbi əks hücum
əməliyyatları aprelin 5-nə qədər davam etmiş və ordumuzun qələbəsi
ilə başa çatmışdır. Böyük Zəfərin müjdəçisi olan Aprel döyüşlərində
igid və cəsur Azərbaycan oğulları misli görünməmiş qəhrəmanlıqlar
göstərmiş və düşməni hər an əzməyə hazır olduqlarını, döyüş ruhunu
bütün dünyaya nümayiş etdirmişdir.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri də daxil
olmaqla bütün kənd və qəsəbələrində iftar süfrələri açılır. Bu
tədbirlərdə ağsaqqal və ağbirçəklər başda olmaqla yerli camaat
iştirak edir.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid
Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar
Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, müharibə
iştirakçısı, polkovnik Məhərrəm Həmidov və ilahiyyatçı Hacı Rasim
Xudaverdiyev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə
etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən
danışmış, şəhidlərimizin əziz ruhlarına dualar oxumuş, ölkəmizdə
şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının
göstərildiyini vurğulamış və bütün bunlara görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə
etmişlər.