
Bakı. Trend:
Azərbaycanda saxta yolla qəyyumluğa və ya övladlığa uşaq
götürərək daha tez pensiyaya çıxmağın qarşısı alınacaq.
Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi
Trend-ə şərh edən
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev bildirib ki, hazırki qanunvericiliyə görə, qohum uşaqlarını
qəyyumluğa götürməklə uşaqların sayı 5 və daha çox olardısa, 5 il
daha tez pensiyaya çıxmaq hüququ yaranırdı.
“Praktika göstərir ki, belə hallarda daha çox subyektiv olaraq
uşaqların adı sənəddə öz əksini tapırdı, amma faktiki olaraq
uşaqlar elə öz ailələrində yaşayırdı. Yəni burada bir qədər
qanundan sui-istifadə halları yaranırdı. İndiki dəyişiklikdən sonra
yalnız valideyn himayəsindən məhrum olmuş və yaxud valideynini
itirmiş uşaqlar övladlığa və ya qəyyumluğa götürülərkən bu hüquq
yaranır.
Belə olan halda isə həm sui-istifadə halları aradan qalxacaq,
həm də ailələrə daha çox stimullaşdırıcı təsir göstərəcək ki,
valideyin himayəsindən məhrum olan uşaqları qəyyumluğa və yaxud
valideyn himayəsinə götürsünlər”, – deyə o, əlavə edib.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisin martın 29-da
keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda
qəbul edilib.





























