Advertisement

YAP Xətai rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub (FOTO)

Bakı. Trend:

Aprelin 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının N. Rəfiyev 66 ünvanı üzrə ərazi partiya təşkilatında
növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə müasir müstəqil Azərbaycanın uğurlarından, dövrün
tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərə doğru inamla
irəliləməsindən, sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni
Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edib.
Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan
Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi
partiyanın yarandığı gündən bugünədək keçdiyi inkişaf yoluna
bələdçilik edir. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan
Partiyası son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi
səylər göstərir, qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər
daim Azərbaycanın davamlı inkişafına hədəflənir. Bu gün Azərbaycan
təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. Ölkəmizin davamlı
inkişafı aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli,
prinsipial və milli maraqlara əsaslanan siyasət, səmərəli
idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx
birliyi sayəsində qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail
olmaq mümkündür.

Vüqar Rəhimzadə qeyd edib ki, inkişaf modeli dünyaya nümunə
göstərilən Azərbaycana bu gün hansı tərəfdən baxsaq təkmilləşməni,
yeniləşməni görərik. Yeni Azərbaycan Partiyasının dövrün inkişafına
uyğun olaraq şüarlarında etdiyi dəyişikliklər də uğurlarımızın
miqyasının genişliyinə əsaslanır. Belə ki, ilk əvvəllər partiya
“Yeni, müstəqil Azərbaycan” uğrunda deyirdisə, illər keçdikcə
“Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru”
çağırışlarını səsləndirdi. 2018-ci ilin prezident seçkilərində bu
hədəflərə yüksək səviyyədə çatmaq üçün isə “İlhamla irəli” söylədi.
Yeni-yeni hədəflərə yol açan isə qeyd etdiyimiz kimi, uğurlarımız
və gələcəyə hesablanmış strategiyadır. Bu gün dünya Azərbaycanın
tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa
edilməsindən bəhs edir. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar
yaradıb, yeni dövrə qədəm qoyub. Yeni dövr növbədənkənar prezident
seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Cənab İlham
Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası
seçkilərə “Qalib xalqın qalib Lideri” şüarı ilə qatılaraq həm
bugünümüzün, həm də qarşıdakı dövrün çağırışlarını açıqladı.
Prezident İlham Əliyevin seçkilərdə parlaq qələbəsi gələcəyə daha
böyük inamla addımlamağımızı şərtləndirdi. Əsas hədəfimiz Qarabağı
və Şərqi Zəngəzuru cənnətə çevirmək, Böyük Qayıdış Proqramının
icrasını uğurla başa çatdırmaqdır. Yeni Azərbaycan Partiyasının
müasir dövrün çağırışlarını özündə ehtiva edən yeni Proqramında
əsas hədəflər öz əksini tapıb. Onlara yüksək səviyyədə nail olmaq
üçün “Biz birlikdə güclüyük!” çağırışı edilir.

Tədbirdə digər çıxış edənlər bu mühüm məqamı böyük qürur hissi
ilə qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu,
Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq
böyük şərəf və məsuliyyətdir.

Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük
vəsiqələri təqdim olunub.