Advertisement

Məktəblərdə IV və VI siniflər üzrə monitorinq keçiriləcək

Bakı. Trend:

Ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə monitorinq
keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-ə
verilən məlumata görə, mayın 18-də IV siniflər, mayın 19-da isə VI
siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri
üçün monitorinq keçiriləcək.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin
yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən
edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Qeyd edək ki, bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI
siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir.
Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə
iştirak etməyə bilərlər.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə
ballarına, eləcə də, onların sinifdən-sinfə keçmələrinə təsir
göstərmir.