Advertisement

Azad edilmiş ərazilərdəki “gizli düşmənlər” – Əhaliyə ÇAĞIRIŞ

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri 44 günlük müharibədən əvvəlki
dönəmdə və sonra geri çəkilərkən ərazilərimizi minalayıb.

Bunu Trend
hərbi ekspert Elxan Şıxəliyev deyib.

O qeyd edib ki, ölkə olaraq basdırılmış minaların fəsadlarını bu
gün də yaşamaqdayıq:

“Dünən mina partlayışı baş verən ərazilər keçmişdə “Ohanyan
səddi”nə daxil idi. Bu ərazilər 44 günlük müharibənin başlanğıcına
qədər səddin içərisinə düşürdü. “Ohanyan səddi” Ermənistanın hərbi
büdcəsinin yarısının xərcləndiyi mühəndis-istehkam qurğularıyla və
minalarla döşənilmiş ərazilər idi.

Ermənilərin əsas məqsədi Azərbaycanın mümkün ola biləcək
əməliyyatlarının qarşısını almaq idi. Lakin bunu bacarmadılar.
Suverenliyimiz bərpa olunsa da, minaların acı nəticələri ilə
qarşılaşırıq. Dolayısı ilə düşmən müharibəni bizimlə bu hissədə
davam etdirir. Vətəndaşlarımız həlak olur və yaralanır.

Minatəmizləmə ilə məşğul olan dövlət qurumları maksimum
çalışsalar da, minaların həmin ərazilərdən tez bir zamanda
təmizlənməsi mümkün deyil. Çünki ermənilər iki mərhələdə əraziləri
minalayıblar. Birinci mərhələdə düşmən 1994-cü ildə atəşkəs elan
edildikdən sonra 2020-ci il sentyabrın 27-dək olan müddətdə
“Ohanyan səddi” adlanan keçmiş təmas xəttində minalanma
fəaliyyətləri həyata keçirib. Həmin vaxtda minalama planlı şəkildə
olub. İkinci mərhələdə isə Laçın, Kəlbəcər və Ağdamdan geri
çəkilərkən minalayıblar. Bu zaman minalama kortəbii şəkildə həyata
keçirilib”.

Ekspert qeyd edib ki, vətəndaşlarımız azad edilmiş
torpaqlarımızda minalardan və partlamamış sursatlardan ehtiyatlı
olmalıdırlar.

“Bununla bağlı dövlət qurumları, QHT-lər daima maarifləndirmələr
aparır. Bütün bunlara baxmayaraq, bəzi vətəndaşlarımızın minalı
ərazilərə girdiyini, partlayış nəticəsində yaralandığını və həlak
olduğunu görürük. Qadağan edilmiş ərazilərə daxil olmamalıdırlar.
Bütün bunları nəzərə alaraq, vətəndaşlarımızı ehtiyatlı olmağa
çağırırıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Tərtər rayonunun Çaylı kəndi ərazisində mina
hadisəsi baş verib. 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış
oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və
2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas
xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş
verən mina partlayışı nəticəsində xəsarət alıb.

Bundan başqa, dünən Ağdam rayonunun işğaldan azad edilmiş
Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparan Azərbaycan
Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il
təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu mina partlayışı nəticəsində
xəsarət alıb.