Advertisement

Yeni pandemiya təhlükəsi yaranacaq – ÜST

Bakı. Trend:

Yeni pandemiya təhlükəsi yaranacaq; buna hazır olmamaq üçün heç
bir bəhanə yoxdur.

Trend xəbər verir ki, bu barədə ÜST-nin Dayanıqlı Qlobal
Sağlamlıq Maliyyəsi üzrə səfiri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi
elçisi və Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun,
100-dən çox dünya liderinin və ekspertinin ÜST-nin üzv dövlətləri
tərəfindən müzakirə edilən pandemiya sazişinə dair açıq məktubu ilə
bağlı məlumatında qeyd edilib.

Bildirilib ki, pandemiyanın qarşısının alınması, hazırlığı və
cavab tədbirləri üçün effektiv, çoxsahəli və çoxtərəfli yanaşmanın
qurulması zəruridir.

“İctimai səhiyyə risklərinin dəyişkən xarakterini nəzərə alaraq,
qlobal strategiya yeniliklərə açıqlıq və inklüzivlik ruhunu
təcəssüm etdirməlidir. İtirməyə vaxt yoxdur, buna görə də biz bütün
yerli liderləri may ayına qədər sazişi başa çatdırmaq üçün
səylərini artırmağa çağırırıq.

Qlobal pandemiya sazişinin vaxtında yekunlaşması saysız-hesabsız
həyatı və dolanışıq vasitələrini qorumaqdan əlavə, dünyaya güclü
bir mesaj göndərəcək: hətta parçalanmış dünyamızda belə, beynəlxalq
əməkdaşlıq hələ də qlobal problemlərə qlobal həllər təqdim edə
bilər”, – deyə məlumatda qeyd edilib.