
Bakı. Trend:
Orqanizmdə vitamin çatışmazlığı səbəbindən bir çox problemlər
yaranır. Hər bir vitamin çatışmazlığının öz əlamətləri var.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi
“İnstagram” hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt
Zakir Quliyev açıqlayıb.
Z.Quliyev bildirib ki, orqanizmdə uzunmüddətli yorğunluq, zehnin
bulanıqlığı və fiziki koordinasiyanın pozulmasının hiss edilməsi
B1, B12 vitamini çatışmazlığına işarədir.
“Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini
çatışmazlığının göstəricisi ola bilər. Bəzi dəri xəstəlikləri və
sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır.
Xüsusilə dodaq və dildə çatların əmələ gəlməsi kimi əlamətlər
orqanizmdə B6 vitamini çatışmazlığı nəticəsində olur.
Fol turşusu, B12 vitamini, dəmir çatışmazlığı zamanı qan azlığı
da yarana bilər. Orqanizmdə D vitamini defisiti nəticəsində yaranan
sümük ağrıları bütün orqanizmdə hiss edilir. Bu ağrılara zamanla
halsızlıq da qatılır”.
Onun sözlərinə görə, saç və dırnaqlarda yaşanan problemlər H
vitamini, digər adı ilə biotin, ya da B7 vitamini çatışmazlığına
işarə edə bilər.





























