Advertisement

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri Cenevrədə nümayiş etdirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər
beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Cenevrə
Ofisi, Cenevrədə yerləşən “ASK” (“All Special Kids”) təşkilatı və
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
birgə təşəbbüsü ilə Cenevrədə Millətlər Sarayında 2 aprel -Dünya
Autizm Məlumatlandırma Gününə həsr olunmuş sərginin açılışı olub.
Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
benefisiarlarının 70-ə yaxın əl işi nümayiş etdirilir.

BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya,
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində
və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib
İsrafilov və “ASK” (All Special Kids) təşkilatının rəhbəri Dr.
Cenifer Hollovay sərginin açılış mərasimində çıxış ediblər.
Tədbirdə autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə
inteqrasiyası və uyğunlaşması istiqamətində maarifləndirmə
işlərinin artırılmasının zəruriliyi qeyd edilib. Sərginin
təşkilində məqsəd xüsusi istedada malik belə şəxslərin
yaradıcılığının tanıdılması, bacarıqlarının reallaşdırılmasına
imkan yaratmaqdır.

Mərkəzin nümayəndələri tərəfindən tədbir iştirakçılarına qurumun
fəaliyyəti və xidmət istiqamətləri barədə məlumat verilib.
Bildirilib ki, hazırda Mərkəzdə həssas əhali qruplarına aid 180
nəfərdən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə
təlimlərə cəlb olunub. Mərkəzin fəaliyyət müddəti ərzində 330
nəfərdən çox əlilliyi olan, o cümlədən 50 nəfərə yaxın autizm
spektrli şəxsə xidmət göstərilib.

Açılış mərasimində iştirak edən Cenevrədə akkreditə olunmuş
diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri,
soydaşlarımız Azərbaycan rəssamlarının əl işləri ilə tanış olublar.
Mərkəzin benefisiarlarının rəsm əsərləri, floristika və keramika
nümunələri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin autizm
spektrli benefisiarlarının əl işlərinin sərgidə nümayiş
etdirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edilib.

Ekspozisiya aprelin 9-dək Cenevrədə Millətlər Sarayında nümayiş
etdiriləcək.