
Bakı. Trend:
Nazirlər Kabineti Azərbaycan Milli Konservatoriyasının yenidən
təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar verib.
Trend xəbər verir ki, Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində
publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli
Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar
qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli
Konservatoriyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini
təmin etməlidir.





























