Advertisement

Güclü külək Bakıda və Abşeronda bir sıra fəsadlar törədib (VİDEO)

Bakı.Trend:

Bu gün səhər saatlarından başlayaraq əsən güclü külək bir sıra
fəsadlar törədib. Həmin fəsadların dərhal aradan qaldırılması və
vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində
Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi
təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirliyin “112”
qaynar telefon xəttinə güclü külək səbəbindən Suraxanı rayonu, Yeni
Günəşli qəsəbəsi, D massivi, bina 28 ünvanında yerləşən onmərtəbəli
yaşayış binasının beşinci mərtəbəsinin eyvanında peyk antenasının
qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün
təhlükəli vəziyyət yaratması barədə məlumat daxil olub.

Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə
peyk antenası götürülərək mümkün fəsadlar aradan qaldırılıb və
sakinlərin təhlükəsizliyi təmin edilib.

Bundan başqa, güclü küləyin təsirindən Bakı şəhəri, Səbail
rayonu, Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi, 3A ünvanında yerləşən
fərdi yaşayış evinin dam örtüyünün qopub düşməsi nəticəsində qonşu
evə giriş-çıxışın məhdudlaşması, habelə insanların sərbəst
hərəkətinə maneə yaranması barədə daxil olmuş məlumat əsasında
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə
yerinə cəlb olunub. Xilasedicilər qopmuş dam örtüyünü ərazidən
götürərək, fərdi yaşayış evinə giriş-çıxışı və vətəndaşların
sərbəst hərəkətini bərpa ediblər.

Həmçinin, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi,
bina 110 ünvanında üçmərtəbəli qeyri-yaşayış binasının dam
örtüyünün vətəndaşlar üçün yaratdığı təhlükə ilə əlaqədar
xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri
görülüb.