Advertisement

Bakıda 3 evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanıldı (VİDEO)

Bakı. Trend:

Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri
qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, naməlum şəxslər 3 vətəndaşın evindən 30.000 manat
dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və
dəyərli antik əşyaları ələ keçiriblər.

Səbail Rayon Polis İdarəsi 41-ci Polis bölməsi əməkdaşları
tərəfindən keçirilən əməliyyat tədbirləri ilə hadisələri törədən,
əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və
həmyaşıdı Seymur Hacıyev saxlanılıblar.

Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını,
günlərlə mənzil sahiblərini izləyərək, axşam saat 19:00-22:00
aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin
olduqdan sonra oğurluq etdiklərini bildiriblər.

T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji
cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində
araşdırmalar davam etdirilir.