
Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına
əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və
birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində 2016-cı
ilin Aprel döyüşlərində qazanılan qələbənin səkkizinci ildönümü ilə
əlaqədar silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, hərbi qulluqçular,
Aprel döyüşlərinin iştirakçıları, şəhid ailə üzvləri və ictimaiyyət
nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edərək şəhid
məzarları önünə gül çələngləri, qərənfillər düzüb, unudulmaz
şəhidlərimizə ehtiramlarını bildiriblər.
Keçirilən tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin başvermə səbəbləri,
Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq, şücaət,
qəhrəmanlıq nümunələri göstərərək düşmənə dağıdıcı və sarsıdıcı
zərbələr vurmasından danışıblar. Aprel döyüşlərində qazanılan
qələbənin uğurlu Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən
müharibəsində, o cümlədən lokal xarakterli antiterror tədbirləri
zamanı əldə etdiyimiz möhtəşəm Zəfərin başlanğıcı olduğu
vurğulanıb.
Tədbirlərin bədii hissəsində Aprel döyüşlərinə həsr olunan
sənədli filmlər nümayiş olunub, şeirlər səsləndirilib, Həzi Aslanov
adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında
vətənpərvərlik mövzusunda musiqi nömrələri və ədəbi-musiqili
kompozisiya təqdim edilib.
Həmçinin hərbi qulluqçularımız şəhid ailələrinə baş çəkərək
onların qayğı və istəkləri ilə maraqlanıblar.





























