
Bakı. Trend:
Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin birgə
fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və
“Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişikliklər
müzakirəyə çıxarılıb.
Trend xəbər verir ki, qanun layihəsinə əsasən, əhali sayı 3
mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük
bələdiyyələr yaradılacaq.
Sənəddə qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin
keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı
3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan
bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və
digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı
ilə digər bələdiyyələrlə birləşdirilir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.





























