
Bakı. Trend:
Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodovun
rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin
dəvətilə Bakıda keçirilən Xəzəryanı dövlətlərin baş
prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak
etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan Trend-ə
verilən məlumata görə, ikitərəfli görüşdə Baş prokuror Kamran
Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin
strateji xarakter daşıdığını, dövlət başçılarının birgə səyləri və
siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bütün
istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.
Baş prokuror digər sahələrdə olduğu kimi ölkələrimizin
prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın
yüksək səviyyədə olduğunu qeyd edərək, cinayət işləri üzrə hüquqi
yardım, ekstradisiya və elm-tədris sahələrində son illər ərzində
effektiv işbirliyinin olduğunu diqqətə çatdırıb.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət
başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və
quruculuq işlərinin aparıldığı barədə qonaqları
məlumatlandırıb.
Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un
ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana
olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya
miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu
xüsusilə vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Pyotr Qorodov iki ölkə
arasında, həmçinin iki dost və tərəfdaş dövlətin prokurorluqları
arasında uzunmüddətli sıx əlaqələrin nümunəvi xarakter daşıdığını
bildirib. Aprelin 4-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin baş
prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün
vacibliyini vurğulayaraq bu formatın qarşılıqlı səmərəli
fəaliyyətin davam etdirilməsinə tövfə verəcəyinə əminlik ifadə
edib.
Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.





























