Advertisement

Qlobal çağırışlar fonunda dini mühitin daim sağlamlaşdırılması, saflaşdırılması prioritetdir – Səyavuş Heydərov (MÜSAHİBƏ)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş
Heydərovun Trend-ə müsahibəsini təqdim edirik:

Səyavuş müəllim, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin başlıca vəzifəsi hansı istiqamətləri əhatə
edir?

Məlumdur ki, Azərbaycan dövlət-din münasibətlərinin inkişafı
baxımından nümunəvi bir ölkədir. Əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulan və Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü
uzaqgörən siyasətlə uğurla davam etdirilən, zamanın tələb və
çağırışlarına uyğun şəkildə təkmilləşdirilən dövlətin din siyasəti
modeli, cəmiyyətin sağlam inkişafı, milli-mənəvi, tolerant
dəyərlərin qorunması, insanların dini etiqadına olan hörmət və
ehtiram baxımından əvəzolunmaz xarakter daşıyır. Ölkəmizdə dini
etiqad azadlığının təmin edilməsinin prioritetliyi və dövlət-din
münasibətlərinin demokratik prinsiplər çərçivəsində
tənzimlənməsinin əhəmiyyəti nəzərə alınaraq məqsədyönlü dövlət
siyasəti aparılır. Azərbaycanın dövlət-din münasibətləri modelinin
möhkəmləndirilməsi istiqamətində aparılan siyasətə dövlət
maraqlarının müdafiəsi, vicdan və dini etiqad azadlığına dair
konstitusion hüquqların təmini, dini qurumların dünyəvi dövlətçilik
prinsipinə hörmətlə yanaşmasının təşviqi, dini müxtəlifliyin
qorunması və dinlərarası dialoqun inkişaf etdirilməsi, çoxəsrlik
dini dəyərlərə zidd, düşmənçilik və nifrət yayan materialların
yayılmasının qarşısının alınması, dini fanatizm və ekstremizmlə
mübarizədə maarifləndirmə işinin təşkili, qanunvericiliyin
təkmilləşdirilməsi, dini sahədə gedən proseslərin təhlili və
proqnozlaşdırılması və s. daxildir. Sözügedən vəzifələrin uğurla
yerinə yetirilməsi ölkəmizdə milli və dini həmrəyliyin daha da
möhkəmkənməsinə öz töhfəsini verir. Azərbaycana dünya birliyində
multikulturalizmin və tolerantlığın inkişaf etdiyi dünyəvi dövlət
kimi böyük etimad qazandırır. Xüsusilə ölkəmizdəki dini dözümlülük
mühiti müxtəlif dinlərin daşıyıcılarının dinc yanaşı yaşamasını
təmin edir.

Bu sabitliyin qorunmasında ən ümdə vəzifə kimi əlbəttə ki, dini
etiqad azadlığının və ona yönəlmiş təhdidlər fonunda dini
təhlükəsizliyin təminatı xüsusilə vurğulanmalıdır. “Dini etiqad
azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa mütəmadi
olaraq müvafiq əlavə və düzəlişlər edilib, dövrün tələblərinə uyğun
təkmilləşdirilib. Burada azadlıq, bərabərlik, əlçatanlıq
prinsiplərinə önəm verilir.

Təcrübə göstərir ki, dini etiqad azadlığı və dini təhlükəsizlik
biri-biri ilə sıx bağlıdır. Hər iki amil milli təhlükəsizliyin
təminatının başlıca elementləridir. Bu amillər daim diqqət
mərkəzində saxlanılır. Hal-hazırda ölkəmizin dini-ideoloji
təhlükəsizliyinin təmin edilməsi istiqamətində real dövrün şərtləri
nəzərə alınaraq dini duruma kənar təsirlərin qarşısını vaxtında
almaq, sağlam dini mühiti qorumaq üçün qabaqlayıcı addımlar atılır.
Bu istiqamətdə aidiyyəti hüquq-mühafizə orqanları, icra
strukturları ilə koordinasiyalı fəaliyyət uğurla davam etdirilir.
Xüsusilə hüquq-mühafizə orqanlarının peşəkarcasına önləyici
xarakterli tədbirləri mühüm rol oynayır. Məhz “Global Terrorism
Index 2024” Hesabatına əsasən Azərbaycanın dünyanın ən təhlükəsiz
ölkələri sırasında yer almasında bu prinsiplər də rol oynayıb.

Sözügedən strateji xəttin mürəkkəbliyini nəzərə alsaq
onun icrası üçün dini qurumlarla iş necə təşkil
olunur?

Kifayət qədər əhəmiyyətli məsələyə toxundunuz. Sualınıza cavab
vermək üçün 10 il əvvəlki dini mühitə diqqət çəkmək istəyirəm.
Həmin dövrdə ölkə ərazisindəki məscidlərdən 1100-də rəsmi din
xadimi fəaliyyət göstərmirdi. Həmin məscidlərin bəziləri
qeyri-ənənəvi dini cərəyanların nəzarəti, xarici dini dairələrin
təsiri altında idi. Orada dini təbliğat aparan şəxslərin çoxunun
dini təhsili yox idi və xarici dairələr tərəfindən
maliyyələşdirilirdilər. Xarici dini mərkəzlər din xadimlərinə maddi
yardımla yanaşı, öz ideoloji təsirlərini də göstərirdi. Bu yardım
din xadimini xarici dini mərkəzdən asılı vəziyyətə salır,
fəaliyyətlərini onların “fətva”ları əsasında təşkil etmələrinə
səbəb olurdu. Xaricdə dini təhsil alan bəzi şəxslər isə təhsil
aldıqları ölkələrin zərərli ideologiyasına bürünərək geri
qayıdırdılar. Onlar həmin ölkələrin siyasi maraqlarına xidmət edən
dini ideologiyanı Azərbaycana idxal etməyə cəhd göstərir, burada
həmin əqidənin təbliğatçısına çevrilirdilər. Dövlət Komitəsi
tərəfindən mütəmadi olaraq aparılan monitorinqlər, təhlillər həmin
məscidlərdə xurafatın, dini radikalizmin təbliğ olunduğunu
göstərirdi.

Proseslərin gedişi dövrün və dövlətin strateji maraqlarına
uyğun, milli ruhlu, azərbaycançılıq ideologiyasına sadiq, o
cümlədən vətənpərvər din xadimlərinin hazırlanması zərurətini
meydana çıxardı. Öncə aidiyyəti dövlət qurumları ilə birgə həmin
dini ibadətgahlar nəzarətə götürüldü. Yad dini ideologiyaların
insanlara təbliğ və təşviq edilməsinin qarşısının alınması
məqsədilə radikallaşmış həmin şəxslər məscidlərdən uzaqlaşdırıldı.
Hazırıqlı yeni din xadimlərinin çatışmazlığı ilə bağlı ciddi
çətinliklər olsa da Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müvafiq
müzakirələr aparılaraq həmin məscidlərə uyğun rəsmi din
xadimlərinin təyin olunması prosesinə başlanıldı.

Prezident İlham Əliyevin Fərmanı ilə 2017-ci ildə din xadimləri
və dini icmaların maddi-texniki təminatının yüksəldilməsi məqsədilə
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması öz töhfəsini verdi.
Fond vasitəsilə din xadimlərinə verilən maddi dəstək onların yad
təsirlərdən qorunmalarını stimullaşdırdı. Həmçinin 2018-ci ildə
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılması, yeni inzibati
binasının açılışı və bütün bunların cənab Prezident İlham Əliyevin
təşəbbüsü və rəhbərliyi altında həyata keçirilməsi ölkəmizdə dini
təhsil sahəsində mühüm və mütərəqqi dəyişikliyə səbəb oldu. Aİİ-nin
uğurlu fəaliyyət göstərməsi, din sahəsində ixtisaslı kadrların
hazırlanması üçün dövlətimiz tərəfindən bütün lazımi addımlar
atılır. Öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin
professor-müəllim kollektivi isə bu etimadı doğrultmağa çalışır.
İnstitutda dünyəvi cəmiyyətdə dini insanlara çatdırmağı bacaran,
həmçinin, milli köklərimizə bağlı, milli-mənəvi dəyərlərimizə sadiq
olan mütəxəssislər yetişdirilir. İnstitut dərin dünyəvi və dini
biliklərə malik kadr hazırlığı istiqamətində qarşıya qoyulmuş
vəzifələri uğurla yerinə yetirir və artıq bunun müsbət nəticələri
cəmiyyətdə təzahür edir. Aİİ-nin təsis edilməsi Azərbaycan milli
kimliyi və mədəniyyəti, azərbaycançılıq məfkurəsi ilə çuğlaşan,
həmçinin müasir dünyanın çağırışlarına cavab verən din təhsili
modelinin formalaşmasına öz töhfəsini verir. Belə ki, yeni təyin
olunmuş din xadimlərinin dini ali və orta ixtisas təhsilli olması,
yüksək dünyagörüşünə malik, Vətənə, xalqa, azərbaycançılıq
ideologiyasına bağlı olmaları bizi məmnun edir. Ötən ilin sonunda
Bakı İlahiyyat Kollecinin yaradılması da bu sahədə xüsusi əhəmiyyət
daşıyır. Kollecdə verilən təhsil institut təhsili ilə tamamlanacaq
və bununla da ölkəmiz üçün din sahəsində daha savadlı kadrların
hazırlanması təmin ediləcək. Kolleci bitirənlər məscidlərdə də
çalışa biləcəklər.

Bir sözlə, Azərbaycanda radikal dini təşkilatların fəaliyyəti və
onların maliyyə mənbələri, xarici vətəndaşların ölkədə din
təbliğatı və digər məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər
edildi, atılan addımlar radikal dini qrupların təbliğatının
qarşısını əhəmiyyətli dərəcədə almış oldu.

“Dini etiqad azadlığı haqqında” Qanuna görə, İslam
dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin
təyinatının Dövlət Komitəsinin səlahiyyətlərinə aid olması hansı
zərurətdən irəli gəlir?

Bu dəyişiklik dövlət-din münasibətlərinin tənzimlənməsi ilə
bağlı qanunvericilik sahəsində aparılan islahatların davamı, tərkib
hissəsi kimi dəyərləndirilə bilər. Öncə də qeyd etdiyim kimi, dini
sahədə əsas problem dini təhsili olmayan və ya zəif olan din
xadimləri ilə bağlı idi. Hazırda bu sahədə çalışmaq üçün dini ali
və orta ixtisas təhsili şərtdir, qanunun tələbidir. Təhsilsiz
şəxslərin ixtisaslı kadrlarla əvəz edilməsi vacib məqamdır və
mərhələli şəkildə bu proses həyata keçirilir. Ümumiyyətlə,
inkişafla uyğunlaşmaq, mütərəqqi ola bilmək üçün təhsil bütün
sahələrdə olduğu kimi dini sferada da ən vacib şərtdir. Artıq bu
yaxınlarda Komitə İslam dininə aid ibadət yerlərində (məscidlər)
vakant vəzifələrin tutulması üzrə sayca dördüncü müsahibəni
keçirəcək. Komitə tərəfindən 2022-2023-cü illərdə təşkil olunmuş
müsahibələrdən 277 nəfər uğurla keçib. Onlardan 35-i qadın olmaqla,
231 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin ediliblər. Həyata
keçirilən təyinat və rotasiya 202 məscidi, attestasiya prosesi isə
fəaliyyət dövrünün 5 ilini tamamlamış 61 din xadimini əhatə edib.
Görülmüş bu işlər dini mühitin saflaşdırılmasına ciddi təsir
göstərmişdir.

Komitənin əsas fəaliyyət istiqamətlərindən biri olan
dini ədəbiyyatların ekspertizası istiqamətində hansı işlər
görülür?

Qeyd etməliyəm ki, 10 il öncə bu məsələ daha aktual idi. Dini
ədəbiyyatların yayılmasında, nəşrində özbaşınalıq hökm sürürdü.
Təsəvvür edin ki, aksiz markası verilən bəzi məhsullardan daha
təhlükəli olan zərərli dini ədəbiyyatlara nəzarət markası tətbiq
edilmirdi. Komitədən müsbət rəy alan dini ədəbiyyat nüsxələrinin
içərisi dəyişdirilir, saxtalaşdırılaraq yayılırdı. Aidiyyəti dövlət
orqanları ilə müzakirələr nəticəsində Vergi və Cinayət
Məcəllələrinə dəyişiklik edildi. 2015-ci ildən etibarən nəzarət
markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və
elektron daşıyıcılarda), audio və video materialların, mal və
məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı
üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə
əlaqədar razılığın verilməsi qaydası müəyyənləşdirildi.
Vətəndaşlarımızın sağlam dini ədəbiyyatla təmin edilməsi ilə
yanaşı, piratçılığın, vergi hüquqpozmalarının qarşısını alan, əqli
mülkiyyət hüquqlarının qorunmasında da faydalı olan dini təyinatlı
ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video
materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat
materiallarının nəzarət markaları ilə markalanması, dini ədəbiyyat
satılan mağazalarda monitorinqlərin keçirilməsi prosesi qısa zaman
ərzində çox effektiv nəticələrini verdi. Bu sahədə monitorinqlər
mütəmadi olaraq davam etdirilir.

Səyavuş müəllim, bundan sonrakı dövr üçün dini sahədə
hansı hədəflər müəyyənləşdirilib?

Milli maraqlara əsaslanaraq dini etiqad azadlığını təmin etmək
dini sahədə dövlət siyasətini səciyyələndirən əsas
xüsusiyyətlərdəndir. Azərbaycanda vicdan azadlığının və dini
müxtəlifliyin təmin olunması, dövlət-din münasibətləri modelinin
möhkəmlənməsi, dinlərarası dialoqun inkişafı və dini təhlükəsizliyə
təhdidlərin qarşısının alınması nəticəsində dini sabitlik hökm
sürür. Sadaladığım mühüm ənənələrin inkişaf etdirilməsi ilə yanaşı,
zərərli dini meyillərlə mübarizənin gücləndirilməsi, xurafatın
qarşısının alınması, dini-ideoloji təbliğat sahəsində
maarifləndirmə işlərinin əhatə sferasının daha da
genişləndirilməsi, milli ruhlu, azərbaycançılıq ideologiyasına
sadiq dini kadrların hazırlanması, peşəkarlığının artırılması,
eləcə də tolerant və multikultural dəyərlərimizin beynəlxalq aləmdə
təbliği işinin davam etdirilməsi Dövlət Komitəsinin gələcək
fəaliyyətinin prioritetləri sırasındadır.

Həmçinin din siyasəti formalaşdırılarkən reallıqlar, təhdidlər
nəzərə alınaraq mövcud həmrəyliyin qorunması ən ümdə vəzifələrdən
biri kimi müəyyənləşdirilib. Dini icmalar arasında dərin dostluq və
mehriban əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində
işlərin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ötən ay
keçirilən “Dinlərarası harmoniya” festivalı ölkəmizdəki dinlər və
icmalararası harmoniya mühitini əyani şəkildə nümayiş etdirmiş
oldu. Bu festival zamanı Azərbaycandakı dini durumun möhkəm
dayaqlara söykəndiyini gördük. Yeri gəlmişkən, dini sahədə həyata
keçirilən elə işlər var ki, onların nəticəsi göz qabağındadır.
Lakin bəzi layihələr həyata keçirilir ki, onların effekti müəyyən
zamandan sonra özünü göstərir. Bu gün birmənalı şəkildə deyə
bilərik ki, Komitənin aparıcı əməkdaşları dövlətin din siyasətini
dərindən bilir, istər prosesləri izləmək, istərsə də təhlil etmək
baxımından professionallıq nümayiş etdirirlər. Sağlam dini mühitin
formalaşması, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması
sahəsində aparılan məqsədyönlü işləri prinsipiallıq, əsl
dövlətçilik və vətəndaş mövqeyi nümayiş etdirərək həyata
keçirirlər. Qeyd edim ki, Komitə əməkdaşları ilə dini qurumlar, din
xadimləri arasında yaranan səmərəli, işgüzar və xoş münasibətlər də
bu prosesə xeyli fayda verir.

Fürsətdən istifadə edərək ölkəmizdəki dini durum barədə həm
daxildə, həm də xaricdə qərəzli fikirlər səsləndirən şəxsləri
ədalətli olmağa, real mənzərəni düzgün qiymətləndirməyə çağırıram.
Həqiqətən bu sahənin təəssübünü çəkən, pafosdan, ictimai
demaqogiyadan kənar şəxslərin təkliflərini dinləməyə, eləcə də
müzakirələr aparmağa həmişə hazırıq.