Advertisement

Aprel döyüşlərinə həsr olunmuş “Zəfərin 4 anı” bədii kompozisiyası təqdim edilib

Bakı. Trend:

Aprelin 4-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi,
Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin
Təbliği Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə
təşkilatçılığı, Azərbaycan Televiziyasının (AzTV) media
tərəfdaşlığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş
“Zəfərin 4 anı” adlı ədəbi – bədii gecə keçirilib.

Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda şəhid olmuş
qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlayan tədbirdə dövlət və hökumət rəsmiləri, millət
vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər
təşkilatlarının təmsilçiləri, könüllülər, tələbə gənclər,
ictimaiyyət və media nümayəndələri olmaqla 2000 – nə yaxın şəxs
iştirak edib.

Tədbirdə Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli
polkovnik – leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid
Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Birinci
Qarabağ müharibəsinin şəhidi Mehman Bayramov və Aprel döyüşlərinin
şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova və “Böyük
Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri
qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı
Əhliyət Mehdiyev çıxış ediblər. Natiqlər öz çıxışlarında Aprel
döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan
böyük Zəfərin başlanğıcı olduğunu vurğulayıb və xalqımıza bu qələbə
sevincini yaşadan qəhrəmanlarımızın, ölkəmizin ərazi bütövlüyü,
torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz
xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Qeyd olunub ki,
şəhidlərimizin narahat ruhları indi şaddır, torpaqlarımız
işğalçılardan tam azad olunub, ərazi bütövlüymüz təmin edilib, bu
gün üçrəngli bayrağımız bütün işğaldan azad olunmuş torpaqlarımızda
dalğalanır, uzun illər həsrətində olduğumuz doğma torpaqlara Böyük
Qayıdışımız başlayıb, Qarabağımız və Şərqi Zəngəzurumuzda həyat
yenidən canlanır, geniş bərpa-quruculuq işləri aparılır, bu
torpaqların əsl sahibləri qayıdıblar. Həmçinin çıxışlarda
qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ edilməsi, gənclərə,
yetişməkdə olan gənc nəsilə öz qanları və canları bahasına tarix
yazan igid Vətən övladlarının tanıdılması üçün bu kimi tədbirlərin
keçirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.

Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin
təqdimatında “Zəfərin 4 anı” bədii kompozisiyası ilə davam
edib.

Quruluşçu rejisoru Əməkdar artist Nicat Kazımov, ssenari
müəllifi şair, yazıçı, kinodramaturq İlqar Fəhmi olan kompozisiyada
son onilliklərdə Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin
azadlığı uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlar, Birinci
Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən Müharibəsi və antiterror
əməliyyatlarını əhatə edən vacib hadisələr bədii, musiqili və
teatral formada tamaşaçılara təqdim edilib.