Advertisement

BSU-da “Heydər Əliyev – Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimatı baş tutub

Bakı. Trend:

Aprelin 4-də Bakı Slavyan Universiteti (BSU )və “Qeyd-Sosial
Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə
Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Heydər Əliyev
-Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimatı baş
tutub.

Sərgidə Milli Məclisin deputatları Aydın Mirzəzadə , Musa
Qasımlı, Vüqar İsgəndərov,”Qeyd-Sosial Maarifləndirmə” İctimai
Birliyinin sədri Tural Nurməmmədov, BSU-nun elmi-pedaqoji heyəti
iştirak edib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev tədbir
iştirakçılarını salamlayaraq bu sərginin universitetdə artıq ənənə
halını almış növbəti sərgi olduğunu bildirib. Rektor ötən ilin 29
dekabr tarixində “Heydər Əliyev İli” çərçivəsində Ümummilli lider
Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun Ulu Öndər Heydər
Əliyevin fotolarından ibarət möhtəşəm sərgisinin də məhz BSU-da
keçirildiyini diqqətə çatdırıb.

O, bu sərginin özəlliyinin onun yalnız texniki olarq xalça
üzərində qurulmağından ibarət olmadığını bildirib. Sərgidə nümayiş
olunan əsərlər vasitəsilə Ulu Öndərin müasir Azərbaycan dövlətinin
banisi, Azərbaycan dövlətini tamamilə yeni bir mərhələyə çıxarmış
lider olaraq olaraq onun şəxsi keyfiyyətlərinin, insan olaraq
formalaşdırdığı dəyərlərin və formalaşdırdığı həmin dəyərlərin necə
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə ötürməsinin
şahidi olduğumuzu deyib.

Rektor sərgidəki birinci əsərdə Ulu Öndərin Prezident İlham
Əliyevlə bağlı əks olunan “İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm
qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ifadəsinin
Ümummilli Liderin Azərbaycanın xilaskarı olacağına inamını ifadə
etdiyini bildirib.

Sərgidə 44 şəklin nümayiş etdirildiyini diqqətə çatdıran Anar
Nağıyev gənclərin bununla Ulu Öndərin yaratdığı tarixə söykənən
milli-mənəvi dəyərlər üzərindən formalaşmış Azərbaycan siyasətinin
Müzəffər Ali Baş Komandan tərəfindən çox böyük uğurla həyata
keçirilərək məhz 44 gün ərzində Azərbaycanın uzun bir dövrünün
probleminin həll olunmasının mesajını verdiyini qeyd edib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda qazi və şəhid olmuş
həmvətənlərimizə, Müzəffər Ali Baş Komandana ömür boyu minnətdar
olacağımızı bildirib. Azərbaycanın öz əraziləri üzərində
suverenliyini bərpa edən ölkəmizin dünyanın hesablaşdığı
dövlətlərindən biri bəlkə də birincisi olmağa çox yaxın olduğunu
vurğulayıb. Bütün bunların isə Ulu Öndər Heydər Əliyevin
formalaşdırdığı dəyərlər üzərindən İlham Əliyevin ölkəmizə
rəhbərlik etməsinin nəticəsi olduğunu qeyd edib. Rektor 14 fevral
tarixində andiçmə mərasimində Prezident İlham Əliyevin müraciətləri
içərisində qeyd etdiyi vacib məqamlardan birinin Azərbaycançılığı
duyan, milli vətənpərvərlik ruhunda gənclərin yetişdirilməsi
olduğunu deyərək bu məsələnin bir ali təhsil müəssisəsi kimi
BSU-nun qarşıda duran yol xəritəsi olduğunu xatırladıb.

Ali təhsil müəssisələrinin üzərinə Ulu Öndər Heydər Əliyevin
yaşatdığı, Prezident İlham Əliyevə ən yüksək zirvəyə çatdırdığı
dəyərləri yaşatmaq kimi böyük məsulliyyət düşdüyünü bildirib. Anar
Nağıyev “Biz azərbaycanlı olmağımız, bu xalqın məhz Ulu Öndər
Heydər Əliyev kimi lideri, Prezident İlham Əliyev kimi ali rəhbəri
olmağı ilə həmişə qürur duyacağıq”, – deyə qeyd edib.

Çıxışının sonunda rektor “Qeyd-Sosial Maarifləndirmə” İctimai
Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirərərək Birliyə öz
minnətdarlığını çatdırıb.

Milli Məclisin deputatları Aydın Mirzəzadə , Musa Qasımlı, Vüqar
İsgəndərov çıxış ediblər. Çıxılarda şəkillərə baxarkən Ulu Öndərin
timsalında Azərbaycan xalqının potensialını görüldüyü, bu sərginin
eyni zamanda ailə dəyərlərinin sərgisi olduğu bildirilib. Gənclərin
belə təşəbbüsünün olmasının təqdirəlayiq hal olduğu qeyd
olunub.

Sonda”Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural
Nurməmmədov layihə haqqında məlumat verərək layihə çərçivəsində
15-dən artıq sərginin keçirildiyini diqqətə çatdırıb.

Sərgi çərçivəsində Ulu Öndər Heydər Əliyevə məxsus müxtəlif
zamanlarda çəkdirdiyi şəxsi və ailə üzvləri ilə bərabər olan xüsusi
fotolarının əks olunduğu xalçalar nümayiş etdirilib.