Advertisement

YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradılıb (FOTO)

Bakı. Trend:

Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının Afiyəddin Cəlilov 27A ünvanı üzrə yeni ərazi partiya
təşkilatı yaradılıb.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon
təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın zamanın tələbi,
xalqın istəyi ilə yaradıldığını önə çəkərək bildirib ki, bu mühüm
addım ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı, dönüş
nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu YAP
qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndərin
“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi reallıqda
özünü doğrultmaqla yanaşı, bütün dövrlər üçün partiyanın atdığı
addımlara bələdçilik edir. Yeni Azərbaycan Partiyası ötən dövr
ərzində Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın sosial rifah
halının yüksəlməsi yönümündə atdığı addımları, qəbul etdiyi
qərarları ilə milyonların sevgisini qazandı.

Ümummilli Lider Heydər Əliyev belə bir çağırışı da böyük inam
hissi ilə qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət
etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Yarandığı gündən
ümumxalq partiyasına çevrilən YAP-ın sıraları günbəgün kəmiyyət və
keyfiyyət baxımından daha da genişlənir. 550 nümayəndənin iştirakı
ilə təsis konfransını keçirən partiyanın bu gün sıralarında 800
minə yaxın üzv birləşir.

Bu, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyin, Onun siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətə inamın göstəricisidir. Yeni Azərbaycan Partiyası
uğurlu yol keçib. Partiya bütün sınaqlardan şərəflə çıxaraq tutduğu
yola sadiqliyi ilə cəmiyyətin avanqard qüvvəsinə çevrildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, hər dövrün öz tələbi vardır. 44
günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, həmçinin
ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi bütün
sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Yaranan yeni
reallıqlar Yeni Azərbaycan Partiyasının qarşısında da yeni
vəzifələr qoyur. Partiyanın VII qurultayı bu baxımdan xüsusi
əhəmiyyət kəsb etdi. VII qurultayda qəbul edilən qərarlar YAP-ın
gələcək fəaliyyətinin yol xəritəsidir.

Dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun
olaraq müasir dövrün yeniliklərini, çağırışlarını özündə ehtiva
edən yeni Proqram işlənib hazırlandı və təsdiqləndi. “Biz birlikdə
güclüyük!” çağırışının yer aldığı yeni Proqramda qarşıdakı dövrdə
görüləcək işlər öz əksini tapıb. Dövlət başçısı İlham Əliyev
partiyanın VII qurultayında belə bir əminliyi də ifadə etdi ki, YAP
bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində
olacaq.

Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz
payı olduğunu bildirən YAP Xətai rayon təşkilatının sədri onu da
vurğulayıb ki, yeni dövrə qədəm qoyan Azərbaycan bu gün yeni-yeni
hədəflərə doğru inamla addımlayır. Bu hədəflərə zamanında və yüksək
səviyyədə nail olmaq üçün hər bir rayon təşkilatı bütün qüvvə və
bacarığını birləşdirərək Ümummilli Liderin şah əsəri olan müasir
müstəqil, eyni zamanda, qalib Azərbaycanın daha da qüdrətlənməsinə
öz töhfəsini verməyə səy göstərir.

Tədbirdə çıxış edən partiya üzvləri Zamiq Əmirov, Zeynal Əliyev
və başqaları Yeni Azərbaycan Partiyasının yarandığı gündən ona
göstərilən etimadı dorultduğunu bildiriblər. Belə bir partiyanın
üzvü olmaqdan şərəf duyuruq.

YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya
təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra təşkilati məsələlərə baxılıb. Orxan Quliyev YAP Xətai
rayon təşkilatı Afiyəddin Cəliliov 27A ünvanı üzrə ərazi partiya
təşkilatının sədri, Zamiq Əmirov və Zaur Həsənov sədr müavinləri
seçiliblər.