
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası
Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrləri,
Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan
Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi
sədrinin müavinləri, Konstitisya Məhkəməsinin hakimləri, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri, Azərbaycan
Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan
Respublikası Audiovizual Şurasının sədrləri, Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının
Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin
sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları,
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına
bərabər tutulan orqanların rəhbərləri, Azərbaycan Respublikası
Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası
Hesablama Palatasının auditorları, Bakı Şəhər İcra Hakimiyyəti
başçısına xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 (bir)
günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik
xərcləri ödəniləcək.
Trend xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə
xərclərinin normaları haqqında” qərarda dəyişiklik edib.
Həmin şəxslərə və Azərbaycan Respublikası xarici işlər nazirinin
müavinlərinə, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi
olan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışan şəxslərə,
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlardakı diplomatik nümayəndəliklərinin (Baş konsulluqlar
daxil olmaqla) Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təyin edilən rəhbərlərinə, eləcə də, Azərbaycan Respublikasının
Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların
tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün
“biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2
yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir.
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının
və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların
rəhbərlərinin müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanları
yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin
rəhbərlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5
(beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri
“biznes klass” tarifləri ilə ödəniləcək. Bütün digər hallarda
nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları
üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödəniləcək.
Qeyd edək ki, bundan əvvəl bu şəxslərə xidməti ezamiyyətlər
zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində
hər gün üçün nümayəndəlik xərcləri ödənilib. Həmin şəxslərə və
diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir
diplomatik rütbəsi və ya vəzifəsi olanlara, eləcə də Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası
komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri
təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass”
və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün
digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”,
dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə
ödənilib.





























