Advertisement

Konstitusiya Məhkəməsinin sədri Minskə işgüzar səfər edib

Bakı. Trend:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Belarus Respublikası
Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviçin dəvəti ilə Minsk
şəhərində rəsmi səfər edib.

Trend xəbər verir ki, səfərin məqsədi “Konstitusiyanın aliliyi:
konstitusiya dəyişiklikləri və konstitusiya nəzarətinin müasir
inkişafı” mövzusunda Belarus Respublikası Konstitusiya Məhkəməsinin
30 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransda iştirak
etmək olub.

Konfransın açılışında Belarus Prezidenti Aleksandr Lukaşenkonun
tədbir iştirakçılarına ünvanlanmış məktubu səsləndirilib.

“Konstitusiyanın aliliyi: konstitusiya dəyişiklikləri və
konstitusiya nəzarətinin müasir inkişafı” mövzusunda beynəlxalq
konfransda hüquq sahəsində mühüm mövzulara dair müzakirələr
aparılıb.

Konfransın praktiki hissəsində Belarus Respublikasında həyata
keçirilmiş qanunvericilik islahatları nəticəsində vətəndaşlara və
məhkəmələrə Konstitusiya Məhkəməsinə müraciət etmək hüquq və
səlahiyyətinin verilməsi, MDB ölkələrində konstitusiya nəzarətinin
müasir inkişafı, ümumi yurisdiksiya məhkəmələrinin fəaliyyətində
Konstitusiyanın aliliyinin təmin edilməsi, konstitusiya nəzarətinin
müasir inkişafı, ümumi yurisdiksiya məhkəmələrinin fəaliyyətində
Konstitusiyanın aliliyinin təmin edilməsi və digər hüquqi məsələlər
üzrə məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
“Azərbaycan Respublikasında konstitusiya nəzarəti institutunun
inkişaf tendensiyaları” mövzusunda məruzə ilə çıxış edib.

Belarus Respublikası Konstitusiya Məhkəməsinin 30 illik
yubileyinə həsr olunmuş beynəlxalq konfransda MDB ölkələrinin
nümayəndə heyətləri, Belarus Respublikasının bir çox dövlət
orqanlarının rəhbərləri və elm ictimaiyyətinin nümayəndələri,
habelə Avrasiya İqtisadi Birliyi Məhkəməsinin və MDB-nin İqtisadi
məhkəmələrinin sədrləri iştirak ediblər.

Səfər çərçivəsində Belarus Respublikası Konstitusiya
Məhkəməsinin sədri, hakimləri və Aparatın rəhbərliyi ilə ikitərəfli
işgüzar görüşlər keçirilib, məhkəmə təcrübəsi və qarşılıqlı
məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı hüquqi məsələlər ətrafında
müzakirələr aparılıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin işgüzar səfəri
çərçivəsində tədbir və görüşlərdə Azərbaycanın Belarusdakı səfiri
Məhərrəm Əliyev də iştirak edib.