
Bakı. Trend:
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu,
əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə
yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş
nəticəsində ölməsi barədə Qubadlı hərbi Prokurorluğuna məlumat
daxil olub.
Məlumatı Trend-ə açıqlamasında hərbi prokurorun böyük köməkçisi
– Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə
müşaviri Firad Əliyev təsdiq edib.
Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Qubadlı hərbi
Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun
Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin
əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş
üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb,
eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilb: “Fakt
üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər
dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya
yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata
keçirilib”.
F.Əliyev onu da bildirib ki, hazırda istintaq davam etdirilir və
qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin
görülməsi təmin olunacaq.





























