Advertisement

Heydər Əliyev adına Hərbi İnstituta sənəd qəbulu elan edildi

Bakı. Trend:

Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil
səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı
tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları,
habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan
hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Heydər
Əliyev adına Hərbi İnstituta qəbul olmaq istəyən namizədlər 30
aprel 2024-cü il tarixinədək ərizə ilə aşağıdakı ünvanlara müraciət
edə bilərlər. Ərizə qəbulu yaşayış ərazi prinsipləri nəzərə
alınmaqla:

– Bakı şəhərində – Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Tibb Universitetinin
Hərbi Tibb Fakültəsində;

– Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə
Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Quba, Qəbələ,
Qazax, Bərdə, Beyləqan, Cəlilabad, Lənkəran rayonlarının təhsil
sektorlarında yaradılmış sənəd qəbulu mərkəzlərində;

– Naxçıvan Muxtar Respublikasında – Heydər Əliyev adına Hərbi
Liseydə yaradılmış sənəd qəbulu mərkəzində aparılır.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

1. Abituriyentin təsdiq olunmuş elektron ərizəsinin surəti;

2. Anket forması (yerində doldurulur);

3. Oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən)
verilmiş xasiyyətnamə;

4. Tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil
haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış);

5. Doğum haqqında şəhadətnamənin surəti;

6. Şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət
vəsiqəsindən çıxarış;

7. Nikah və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti
(evli və uşaq olduqda);

8. Ailə tərkibi və yaşayış yeri haqqında arayış;

9. Rəngli fotoşəkil (baş geyimsiz, anfas), 6 ədəd 3×4 sm ölçüdə
və 2 ədəd 4.5×6 sm ölçüdə;

10. 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya
qəyyumlarının razılıq ərizələri;

11. Tibb üzrə: Elektrokardioqramma, qanın və sidiyin ümumi
analizi, qan qrupu və rezus-faktor, qanın QİÇS və sifilisə görə
seroloji reaksiyalara və Hepatit C və Hepatit B-yə dair
müayinələrinin nəticələri, psixonevroloji, narkoloji, vərəm və
dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda
olub-olmaması haqqında arayışlar.

Qeyd: 1. Şəxsiyyət vəsiqəsi, doğum haqqında
şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında
sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim
edilir.

Hərbi İnstituta qəbul aşağıdakı qaydada həyata
keçirilir:

1. Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular),
məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır
və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş,
hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası
tərəfindən institutda təhsil almağa yararsız hesab olunan və
öyrənilmə tədbirləri keçirilən zaman Heydər Əliyev adına Hərbi
İnstituta qəbula mane olan digər hallar müəyyən edilən şəxslər
Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün namizədlər
siyahısına daxil edilmirlər.

2. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin
siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan
Mərkəzinə göndərilir və onlar Dövlət İmtahan Mərkəzi tərəfindən
keçirilən qəbul imtahanı verirlər.

Qəbul imtahanları I, II və III ixtisas qruplarının
fənləri üzrə keçirilir.

3. Qəbul imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzi
tərəfindən elan olunub.

İmtiyazlar:

– 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;

– 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;

– 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi
yardım;

– 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq
ödəniş;

– təhsil müddətində kursantların bütün təminat növləri ilə təmin
olunması;

– məzunlara hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə
bakalavr ali peşə-ixtisas dərəcəsinin verilməsi;

Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.
Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə
sənəd qəbulu mərkəzlərində bildiriləcəkdir.

Ümumi məlumat:

Tədris dili: Azərbaycan dili

Təhsil forması: əyani

Təhsil müddəti: 5 il

Ətraflı məlumat üçün əlaqə nömrəsi:

*0811 (həftənin iş günləri, saat 09:00-dan 18:00-dək)

Web ünvan:
www.mmu.edu.az