Advertisement

Azərbaycanda alkoqollu içkilərin istehsalı və ya idxalı ilə bağlı yeni şərtlər MÜƏYYƏNLƏŞİR

Bakı. Trend:

Alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida
obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət
göstərən qida subyektinin qeydiyyatı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin
Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında mazakirə
edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.

Dəyişikliyə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı
aşağıdakı şərtlərə uyğun həyata keçiriləcək:

– Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;

– barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun
olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın
olmaması;

– alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata
keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət
ölçü cihazlarının quraşdırılması.

Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətini həyata
keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı
bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı
aşağıdakı şərtlərə də əməl edilməsini təmin etməlidirlər:

– alkoqollu içki növü olan arağın illik minimum istehsal
həcminin 100 min dekalitr olması;

– alkoqollu içki növü olan arağın istehsalında xammal qismində
istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada
rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar
istisna olmaqla).

Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata
keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı
bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı
malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə
də əməl etməlidirlər.

Bu Qanunun 24.1-1-ci (Azərbaycan Respublikasında vergilərə və
digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması
şərti istisna olmaqla) 24.1-2-ci və 24.1-3-cü maddələrində müəyyən
olunmuş şərtlərə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və
ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya
təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida
subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.
Qanuna əlavə edilən keçid müddəalara əsasən, “Qida təhlükəsizliyi
haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-2.1-ci maddəsində
alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi ilə
bağlı nəzərdə tutulan tələb 2032-ci il yanvarın 1-dən tətbiq
edilir.

2.2. 2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın
illik minimum istehsal həcmi aşağıdakı kimi müəyyən edilir:

2.2.1. 2024-2025-ci illər üzrə 20 min dekalitr;
2.2.2. 2026-2027-ci illər üzrə 30 min dekalitr;
2.2.3. 2028-2029-cu illər üzrə 50 min dekalitr;
2.2.4. 2030-2031-ci illər üzrə 80 min dekalitr.

2.3. Bu Qanun qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı
fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə
mindikdən sonra 6 (altı) ay müddətində “Qida təhlükəsizliyi
haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-1.3-cü maddəsində
qeyd olunan şərtə əməl edilməsini təmin etməlidirlər. Bu müddət
ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi
ləğv edilir.