
Bakı. Trend:
6 aprel Ümumdünya Fiziki Aktivlik Günüdür. İdman dünyanı
dəyişdirmək gücünə malikdir. 2024-cü ilin qlobal mövzusu “Sülhsevər
Cəmiyyətlərin Təşviqi üçün İdman”dır. Fiziki aktivlik ürək-damar
xəstəlikləri, xərçəng və şəkərli diabet, skolioz, lordoz və digər
qeyri-infeksion xəstəliklərin profilaktikası üçün vacib əhəmiyyətə
malikdir. Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova
fiziki aktivliyin əhəmiyyəti barədə “Azertac” saytında işıqlanan
müsahibəsini Sizə təqdim edirik.
Bu əlamətdar gün Azərbaycanda hər il müxtəlif maarifləndirici
tədbirlərlə geniş qeyd olunur, ictimaiyyət fiziki passivliyin
sağlamlığa zərərli təsirləri barədə məlumatlandırılır.
Bununla bağlı suallarımızı Mərkəzi Gömrük Hospitalının
Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə
Kərimovaya ünvanladıq.
– Səidə həkim, fiziki aktivlik insan sağlamlığı üçün vacibdir.
Hazırda insanların çoxu oruc tutur. Bu ay fiziki məşğələlərlə nə
vaxt məşğul olmaq lazımdır ki, orqanizmin fəaliyyətinə müsbət təsir
göstərsin?
– Ramazan ayında insanlar oruc tutur, müəyyən müddət ərzində ac
qalırlar, buna görə də bu ay məsləhət görərdim ki, iftarla imsak
arasında olan müddətdə fiziki aktiv olsunlar: iftardan sonra bir
müddət havada gəzsinlər, yeyib oturmasınlar, yatmasınlar, əksinə,
piyada yürüş etsinlər, müxtəlif idman hərəkətləri ilə məşğul
olsunlar və ya açıq meydançalarda oyunlar oynasınlar. Adətən,
etdiyiniz idman hərəkətlərini bu ay 30% azaldın və bu rejimi elə
qurun ki, idman hər gün yox, günaşırı olsun. İftarla imsak arasında
idman hərəkətləri ilə bərabər, çoxlu maye, əsasən su qəbul etmək
lazımdır, bu, gücünüzün bərpası üçün çox vacibdir.
– Fiziki passivliyin insan orqanizmi üçün hans zərərləri
var?
– Fiziki passivlik müasir dövrdə ən boyük problemlər
sırasındadır. Araşdırmalara görə, fiziki passivlik və hipodinamiya
ümumi olüm riski faktorları arasında 4-cü yerdədir. Fiziki
passivlik ürək-damar, diabet və xərçəng kimi xəstəliklərın
gedişatını ağırlaşdırır.
13-15 yaşlı yeniyetmələr arasında da vəziyyət ürəkaçan deyil.
Onların 80%-i gündəlik minimal 60 dəqiqəlik aktivlik rejiminə
riayət etmirlər .
Fiziki passivlik barədə danışanda oturaq rejimi də qeyd etmək
lazımdır. XX əsrdə oturaq rejimin ziyanını hətta siqaret çəkmənin
ziyanı ilə bərabərləşdirirdilər. “Oturmaq yeni variant siqaret
çəkməkdir” (sitting is a new smoking) ifadəsi bir müddət trendə
çevrilmişdi.
– Səidə xanım, fiziki aktivlik dedikdə, hansı fiziki məşğələlər
nəzərdə tutulur? Orta intensiv fiziki aktivlik hansıdır?
– Fiziki aktivlik gündə ən azı 30 dəqiqə, həftədə 5 gün orta
intensivlikdə idmanın olmasıdır. Uşaqlar və yeniyetmələr üçün bu
rəqəm fərqlidir – gündə 60 dəqiqə.
Orta intensiv fiziki aktivlik isə standart rahat vəziyyətdən 3
dəfə artıq enerji tələb edən aktivlikdir. Məsələn, orta templə
yürüş, velosiped sürmə, tennis, üzgüçülük və s. Məncə, yürüş aktiv
qalmaq üçün ən sadə və əlçatan bir variantdır.
– Fiziki aktivliyin insan sağlamlığı üçün nə kimi müsbət
təsirləri var? Fiziki aktiv olmaqla hansı xəstəliklərin qarşısını
almaq mümkündür?
– Fiziki aktivlik ürək-damar, diabet və digər xəstəliklərin
profilaktikasında və kompleks müalicəsində vacib rol oynayır.
Fiziki aktivlik çəki kontrolu, sümüklərin və əzələlərin möhkəm
olması üçün çox vacibdir. Tədqiqatlara əsasən bir sıra
xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzi
vaxtlar isə daha güclü effekt göstərir.
Aktivliyin orqanizmə müsbət təsiri elmlə sübüt olunmuşdur. Bu
təsirlər arasında aşağıdakıları göstərmək olar:
· Artıq çəkini kontrol altına salır;
· Qlükozanı (şəkəri) və insulin balansını tənzimləyir;
· Ürəyin koronar damarlarında qan axarını artırır;
· Trombların yaranması riskini azaldır;
· Qan təzyiqini tənzimləyir;
· Qanda lipid profili yaxşılaşdırır – “yaxşı” yağların
lipoproteidlərin səviyyəsini artırır, “pis” yağların səviyyəsini
azaldır.
Bunlarla yanaşı, fiziki aktivlik insanda depressiya, stress və
gərginliyi azaldır və ümumi əhvalı yaxşılaşdırır.
– İnsanların fiziki passivliyinin əsas səbəbləri
hansılardır?
– XXI əsrdə insanların çoxu vaxtını kompüter qabağında və
nəqliyyatda oturaq vəziyyətdə keçirir. Bizim bədənimiz hərəkət üçün
hesablanıb. Müasir texnologiyalar və ofis işi şəraiti isə bizi
hipodinamik həyat tərzinə meyilləndirir. Bu barədə çox maraqlı
rəqəmlər var – böyüklər orta hesabla sutka vaxtının 90%-ni qapalı
məkanlarda keçirir. Gün ərzində təxminən 9 saat oturaq vəziyyətdə
oluruq. Oturaq rejimin bizim onurğamızın sağlamlığına, əzələ,
skelet strukturlarına və digər sistemlərə mənfi təsiri haqqında
sübut olunmuş araşdırmalar mövcuddur. Belə həyat tərzimiz bir sıra
xəstəliklərin yaranmasına şərait yaradır.
– Orta və ya ağır fiziki aktivlik fəaliyyəti zamanı
dayaq-hərəkət aparatının travmaya məruz qalmaması üçün nələri
tövsiyə edərdiniz?
– İlk və ən vacib qayda – hansısa idman və hərəkət zamanı ağrı
hiss edirsinizsə, onu dərhal dayandırın. Ağrı hərəkətinizin düzgün
olmaması, ya da bədəninizin bu hərəkətə hazır olmaması barədə
xəbərdarlıq edir. Hər bir idmandan əvvəl istilənmə mərhələsini
unutmayın, hərəkətin düzgün texnikasını öyrənin, gücünüzü düzgün
qiymətləndirin. Fiziki aktivliyə uyğun qidalanın, bol su için və
dincəlin. Bunlar idmandan sonra əzələlərin bərpasına kömək
edəcək.
– Ev şəraitində fiziki aktiv olmaq üçün hansı məşğələlər edilə
bilər?
– Gündəlik idman proqramınıza gərmələri, balans üçün
hərəkətləri, ümumi bədənin sağlamlığına müsbət təsir edən, tez-tez
müşahidə olunan bel və boyun ağrılarında istifadə olunan idman
hərəkətlərini əlavə etmək məsləhətdir. Bu idmanları siz Mərkəzi
Gömrük Hospitalının internet saytında “Düz qamət – sağlam həyat”
rubrikasından öyrənə bilərsiniz. Linki təqdim edirəm.
https://customshospital.az/hekim-mesleheti-duz-qamet/
– Səidə həkim, maraqlı müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova





























