Advertisement

MEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı maarifləndirmə
və təbliğat işləri davam etdirilir. Medianın İnkişafı Agentliyinin
dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə
mühazirələri”nə başlayır.

Agentlikdən Trend-ə bildiriblər ki, mühazirələrin keçirilməsində
əsas məqsəd bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
ərəfəsində ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə bağlı
ictimai savadlılığı artırmaqdır. Videoformatda keçirilən
mühazirələr zamanı ətraf mühitə yanaşmanın Azərbaycan milli mədəni
kimliyində tutduğu yer müxtəlif baxış bucaqlarından təhlil
ediləcək.

İlk mühazirəni oxuyan şərqşünas alim, “Quran-i Kərim”in
Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi, ADA Universitetinin
professoru Nəriman Qasımoğlu “İslam dini ətraf mühitin mühafizəsi
ilə bağlı bizə nə buyurur?” mövzusunda çıxış edib.

O bildirib ki, fərqli dinlərin ekologiya məsələlərində irəli
sürdüyü etiqadi mətnlərdə ümumi yanaşma izlənilir.

“Quran-i Kərim”in ayələrinə istinad edən professor təbii
nemətlərdən yalnız ən zəruri ehtiyacların ödənilməsi üçün qədərində
istifadə edilməsinin əhəmiyyətini vurğulayıb. Mühazirəçi
israfçılığa yol verməməyin, təbii resurslardan səmərəli istifadənin
əhəmiyyəti, insanın ətraf mühitə münasibəti və təsiri ilə bağlı
müxtəlif mövzulara aydınlıq gətirib.

Qeyd edək ki, COP29-la bağlı mühazirələr silsilə xarakter
daşıyacaq.